Nazirlikdən deputatın `Sarı gəlin`lə bağlı iradına cavab

Nazirlikdən deputatın `Sarı gəlin`lə bağlı iradına cavab
  26 Oktyabr 2016    Oxunub:4709
““Sarı gəlin” layihəsini biz tək hazırlamamışıq. Bu mövzu çox həssasdır və layihə işlənərkən tarixçiləri, mövzu ilə bağlı biliciləri dəvət etmişik. Onlar ssenari yazılarkən tarixi baxımından faktların düzgün qeyd edilməsinə nəzarət ediblər”.
Bunu AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazirlik adından millət vəkili Aydın Mirzəzadəyə göndərilən dəvətnaməyə münasibət bildirərkən deyib.

S.Məmmədova qeyd edib ki, “Sarı gəlin” layihəsinin elmi rəhbəri AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Yaqub Mahmudovdur.

“Bu, çox həssas mövzudur. Aydın müəllimin qeyd etdiyi kimi biz bu işi özümüz tək etməmişik. Burada tarixçilər və nüfuzlu tarixçi Yaqub Mahmudov olub və o, elmi rəhbərdir. Hər bir işə nəzarət olunub. Yaqub Mahmudovun dedikləri üzərində işlər aparılıb, ssenari yazılıb və film çəkilib. Eyni zamanda layihənin təqdimatı zamanı 10 dəqiqəlik filmdə Yaqub Mahmudovun və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunacaq”.

S.Məmmədova, həmçinin mahnının tarixçəsi haqqında da danışıb. “Mahnın tarixçəsi belədir ki, Oğuz igidlərin biri olan Xaqan adlı gənc Flavian adlı bir yunan gözəlinə vurulur. Yunan gözəlini qaçırdır. Lakin Flavianın atası onu Lakabos adında yunan sərgərdəsinə vermək istəyir. Nəticədə qız özünü Arpa çayına atır. Bununla da Azərbaycan incisi olan “Apardı sellər Saranı” mahnısı yaranır. Biz hətta göstərmək istəyirik ki, “Apardı sellər Saranı”, eyni zamanda “Sarı Gəlin” bir adama həsr olunmuş mahnıdır”.

S.Məmmədova qeyd edib ki, bu layihədə əsas məqsəd mahnılarımızı gözəl şəkildə qoruyub yaşatmaq və bu cür ictimaiyyətə təqdim etməkdir.
“Biz gözəl nümunələrimizi qoruyub yaşatmaq üçün bunu edirik. Biz “Sarı gəlin” mahnsının başqa millətə aid olduğunu deyil, məhz bizim mahnı olduğunu nümayiş etdirib və səhnəyə gətiririk. Bunu heç kimin adına yazmırıq. Ona görə də belə layihələrə dəstək gəlməsi daha yaxşıdır, nəinki sosial şəbəkədə təndiq etmək. Həmçinin bizim Əli və Nino, Əsli və Kərəm, Mahmud və Məryəm kimi böyük tarixi əsərlər var. Bu əsərləri qürurla deyirik ki, bizimdir. Eləcə də “Sarı gəlin” incisi. Fikrimcə, biz həmişə tariximizin yaşadılmasından danışırıq, məhvindən yox”.

Qeyd edək ki, deputat Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında ona Gənclər və İdman Nazirliyi tərəfindən gələn dəvətnaməyə əlavə edilən annotasiyada qeyd edilən fikirlərə iradını bildirib. Qeyd edib ki, dəvətnaməyə əlavə edilən annotasiyada guya Trabzonda Flavian adlı bir yunan qızının özünü çaya atması nəticəsində "Sarı gəlin" Azərbaycan mahnısının yarandığı iddia edilir. “Musiqiçi olmasam da, mahnının Azərbaycan mahnısı olması barədə məlumata malikəm. Eyni zamanda ermənilərin də vaxtaşırı bu manını özününküləşdirmək cəhdindən də xəbərdaram. Amma Azərbaycan daxilində kiminsə mahnını başqa bir xalqa aid etmək cəhdini başa düşə bilmirəm”.





Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti