Ağ evin `qara demokratiya`sı - Rəsmi qəzetdən sərt yazı

Ağ evin `qara demokratiya`sı - Rəsmi qəzetdən sərt yazı
  27 Oktyabr 2016    Oxunub:4010
“Azərbaycan” qəzetində ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı məqalə dərc olunub. Yazıda seçki saxtakarlıqları ifşa olunub.

AzVision.az “Ağ evin “qara demokratiya”sı” başlıqlı yazını təqdim edir:

ABŞ unutmamalıdır ki, bu gün dünyada demokratiyaya və ədalətli, şəffaf seçkilərə ən çox ehtiyacı olan məhz onun özüdür

ABŞ-da prezident seçkiləri hər dörd ildən bir dünyanın diqqət mərkəzində olan hadisəyə çevrilir, əsas qlobal siyasi proses kimi qəbul olunur. 12 gün sonra bu fövqəldövlətdə baş tutacaq 58-ci seçki barədə beynəlxalq müzakirələr isə heç də hansı namizədin qalib gələcəyi ilə bağlı deyil. Çünki gələcək prezidentin məhz Hillari Klinton olacağı hətta onun rəqibinə də aydındır. İndi əsas mövzu bu seçkilərin gedişində ABŞ seçki sisteminin nöqsanlarının, kobud pozuntuların, korrupsiya hallarının artmasının daha qabarıq görünməsidir.

Trampa olan etimad əslində ABŞ-ın xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır

Ağ ev özünü “demokratiyanın beşiyi” adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edir. Rəsmi Vaşinqtonun özünü necə adlandırmasından asılı olmayaraq müasir reallıq, ən əsası isə “azadlıq ixracı” pərdəsi altında Şərq-müsəlman dünyasına gətirdiyi savaş və iflas ABŞ-ın demokratiyanın təməl prinsiplərindən tam uzaqlaşdığını, həmçinin xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. “Demokratikləşmə dalğası”nın əslində yeni ekspansiya hərəkatı və müasir müstəmləkəçilik siyasəti olduğunu bilmək üçün hansısa xüsusi araşdırmalara da lüzum yoxdur.

Misirdən Suriyaya, Liviyadan İraqadək partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ “demokratiyasının” nəticəsidir, məhsuludur...

Son 25 ildə postsovet məkanını, Şərq coğrafiyasını “azadlıq”, “insan hüquqları” nağılı ilə nəzarətə götürməyə çalışan və buna əsasən də nail olan ABŞ-ın Avrasiya bölgəsinə bəxş etdiyi “demokratiya” nə qədər qanlı və faciəlidirsə, öz ölkəsində tətbiq etdiyi “demokratiya” rejimi bir o qədər nöqsanlı, problemlidir. Dünya xalqlarını öz müqəddəratını təyinetmə hüququndan zorakılıqla məhrum edən bu fövqəlgüc elə öz vətəndaşlarının da normal seçim etmə imkanını minimuma endirib.

Və bu real fikri səsləndirən, konkret faktları təqdim edən insanlar artıq okeanın bu tayında yaşayanlar deyillər. ABŞ-ın seçki sistemini ifşa edən, bu ölkədə demokratiya elementlərinin tam olaraq iflasa uğradığını təsdiqləyən şəxs bu fövqəldövlətin prezidentliyi uğrunda yarışan Donald Trampdır.

Ağ ev bu şəxsin qeyri-ciddi obrazını yaratmağa çalışsa da, D.Tramp özünün ciddi siyasi liderlik keyfiyyətlərini, birləşdiricilik xüsusiyyətlərini, Amerika üçün yeni ümid ola bilmək ehtimalını ötən bir il ərzində dönə-dönə sübut etdi. O, “mafiyalaşmış dövlət aparatı” dediyi siyasi sistemə qarşı mübarizə apardığını söylədiyindən elə özünün mənsub olduğu Respublikaçılar Partiyasının da arzuolunmayan namizədidir. Yəni siyasətdə cəmi bir il ərzində peyda olan, öz partiyasının nəinki dəstəyini, əksinə, maneəsini görən, heç bir siyasi təşkilatlanmaya, ənənəvi siyasi elektorata malik olmayan bu milyarder qısa müddət ərzində ali vəzifə uğrunda iki namizəddən birinə çevrilirsə və hazırda amerikalıların 41 faizinin etimadını qazanırsa, ona qeyri-ciddi adam deməyin özü qeyri-ciddi səslənir.
D.Trampın qısa müddətdə belə möhtəşəm rəğbət qazanması elə Amerika cəmiyyətinin öz hakimiyyətlərinin siyasətindən, Ağ evin transmilli korporasiyaların lobbi mərkəzinə çevrilməsindən duyduqları narahatlıqdır. Yəni D.Trampa olan etimad əslində ABŞ-ın xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır!

Ağ evə kim nəzarət edir

D.Tramp rəqibi Hillari Klintonu oliqarxların təmsilçisi sayır, onu sadə vətəndaşların maraqlarını qorumamaqda günahlandırır, korrupsiyalaşmış sistemin mənafeyini ifadə etdiyini faktlarla göstərir. Respublikaçı namizədin “mən H.Klintona qarşı mübarizə aparmıram, mən bu qadının simasında oliqarxlara, hərbi-sənaye korporasiyalarına, enerji şirkətlərinə, xalqı soyan banklara, Sorosun siyasi fırıldaqçılarına qarşı döyüşürəm və bu döyüşdə xalqım mənimlədir” - bəyanatı onun məğlubiyyətini əvvəlcədən məlum edir.
“ABŞ sərhədlərindən kənarda apardığımız savaşlar milli maraqlarımızın qorunmasına, beynəlxalq terrorizmin ləğvinə, təhlükəsizliyimizin təmininə yönəlməyib. Bu savaşlar yalnız iri korporasiyaların dünyanın sərvətlərini bölüşdürməsinə, onların varlanmasına yönəlib. Amerikalıların cibindən savaşlara axan milyonlar dayandırılmalıdır. Bizə savaş yox, sabitlik və Rusiya ilə müttəfiqlik lazımdır” - deyən namizədin qələbəsinə imkan verərlərmi?

“Mən bu sistemin nə olduğunu, hansı rəzalətdə olduğunu çox yaxşı bilirəm, çünki uzun illər özüm onun tərkib hissəsi olmuşam. Yaxşı bilirəm ki, bu sistem sadə amerikalılara qənim kəsilib və onlarla pis oyun oynayır. Biz birlikdə Vaşinqtondakı bataqlığı, çirkabı qurudacağıq” - bəyanatını səsləndirən siyasətçinin özünü çirkaba bürüməzlərmi?!.
“Biz korrupsiyalaşmış dövlət aparatına, rüşvətxor məhkəmə-hüquq sisteminə, saxtakar seçki prosesinə, fırıldaqçıların əlaltısı olan KİV-ə qarşı mübarizə aparırıq və qələbə çalmaqla onları aradan qaldıracağıq” - söyləyən şəxsin sağ qalması özü möcüzədir...

Dünyaya nəzarəti əldən verməyən, qarşılarına çıxan dövlətləri, xalqları məhvə məhkum edən bu iqtisadi-maliyyə-hərbi-siyasi qüvvələr Ağ evi heç nəzarətsiz qoyarlarmı?..

ABŞ demokratiyasının ən “parlaq” göstəricisi: Barak Obamanın 141 faizlik qələbəsi və 158 faizlik seçici fəallığı

Milyarder namizədin ABŞ-ın seçki sistemindəki qüsurları, daha doğrusu total saxtakarlığa əlverişli şərait yaradan boşluqları gündəmə gətirməsi əslində yenilik olmadı. Çünki bu faktlar dünya ictimaiyyətinə məlumdur. Hər bir ölkədə keçirilən seçkiləri təftiş etməyi, onu qiymətləndirməyi özünə “müqəddəs borc” bilən Ağ ev rəhbərliyi öz dövlətində baş verən seçki pozuntularını, nöqsanları gizlədir. Bunları açıqlayanlar isə dərhal “qara siyahı”ya salınır.

Məsələn, sonuncu prezident seçkilərində Barak Obamanın qazandığı qələbəni şübhə altına alacaq, yaxud da seçkilərin nəticələrinin tanınmaması üçün hüquqi zəmin yaradacaq yetərincə faktlar olsa da, onlar heç araşdırılmaya da qəbul edilmədi. Amerikasayağı ört-basdır edildi.

Belə ki, bəzi seçki məntəqələrində Respublikaçılar Partiyasının nümayəndələri heç bir əsas gətirilmədən seçki prosesinin izlənməsindən kənarlaşdırılmış və nəticədə həmin məntəqələrdə B.Obamanın qələbəsi 95-99 faiz aralığında olmuşdu. Yaxud da Klivlendin 21 məntəqəsində o, səslərin 100 faizini qazanmışdı ki, burada da respublikaçı müşahidəçilərin fəaliyyətinə qadağa qoyulmuşdu.

Ohaya ştatının Vud şəhərində qeydə alınmış 98213 seçicinin nəinki hamısı, hətta daha artığı - 106258 nəfər seçkidə iştirak etmiş və onların hamısı məhz B.Obamaya səs vermişlər. Yəni demokratların namizədi 108 faizlik “xalis qələbə” qazanmışdı.

Amma ABŞ demokratiyasının ən “parlaq” göstəricisi Floridada olmuşdu. Bu ştatın bir seçki dairəsində seçicilərin 113 faizi (nəzərə alaq ki, ABŞ -da seçici fəallığının ən yüksək göstəricisi 55-60 faizdir) səsverməyə gəlmişdi. Amma ən maraqlısı bundan sonra baş verib: 175554 seçicinin rəsmən səs verməsinə baxmayaraq, elektron səs hesablayıcı (bu mövzuya - Sorosun “elektorat möcüzəsinə” sonra qayıdacağıq) 247713 nəfərin bülleten atdığını qeydə almış və B.Obamaya 141,1 faizlik qələbə yazılmışdı. Sent-Lyus şəhərinin SEAL milli muzeyində yerləşən məntəqədə isə seçicilərin 158,85 faizi “fəallıq” göstərmişdi. Ən qəribəsi isə odur ki, bütün bu fövqəladə seçici “fəallığı” fonunda federal seçici siyahısına vətəndaşların 20 faizinin adı salınmamışdı.

C.Buş və A.Qor arasında 16 il öncəki seçki yarışı da unudulmayıb. C.Buşun məğlubiyyətinin qaçılmaz olduğu anlaşılarkən, onun qardaşının qubernator olduğu Florida ştatında səslər yenidən sayılmağa başlanılmış və o, nisbi səs üstünlüyü qazanan məqamda ştatın məhkəməsi səslərin sayılma prosesini yarımçıq dayandırmışdı. Səslərin sayılmasının yekunlaşmadan dayandırılması barədə şikayətlər nəzərə alınmamış və rəqibindən 560 min artıq səs almasına baxmayaraq, Albert Qor ABŞ-ın “ədalət” sistemi tərəfindən Corc Buşa uduzdurulmuşdur.

Göründüyü kimi, ABŞ tək öz sərhədlərindən kənarda deyil, elə öz içində də qalibi məğlub duruma sala bilir!

ABŞ-da 2 milyon “ölü can” seçkilərdə “dirilir”

“Soros-Rotşild hegemonluğu” adını almış iqtisadi-siyasi fövqəlgüc yeni namizədinin qələbəsini təmin etmək üçün budəfəki seçkilərə xüsusi “maya qoyur”. Seçki qanunvericiliyində məqsədli şəkildə yaradılan süni boşluqlar perspektiv saxtakarlıqlar üçün münbit şərait yaradır.

Ən böyük problem odur ki, ABŞ-da seçkilər mərkəzləşdirilmiş qaydada baş vermir. Hər bir ştatın özünəməxsus seçki komissiyası yaratma qaydası, səsvermə və səssayma proseduru var ki, onlar da demək olar ki, hər dörd ildən bir “lazımi düzəlişlərə” ehtiyac duyur. Yəni hər bir qubernator ştatındakı seçki prosedurunu mənsub olduğu partiyanın namizədinin mənafeyi üçün mütəmadi “tənzimləyir”.

Yuxarıda xatırlatdığımız kimi, ABŞ-da vətəndaşların 20 faizə yaxın hissəsinin adı seçici siyahısına düşmür. 3 milyondan artıq seçici isə bir neçə fərqli şəhərdə qeydiyyatdadır ki, onların da hər birində səs verə bilər. Bundan əlavə, vəfat etmiş 2 milyondan artıq seçicinin adı hələ də siyahılardadır və müstəqil ekspertlərin fikrincə, bu “ölü canlar” saxtakarlıq üçün mükəmməl vasitədir. Məsələn, ötən prezident seçkilərində Cənubi Karolinanın cəmi 11 min seçicisi olan bir şəhərində vəfat etmiş 915 şəxs “səs” verib. Həmçinin ABŞ-dan kənarda yaşayan 4,1 milyon vətəndaşın və ölkədə həbsxanada olan 5,3 milyon sakinin seçici hüququ tamamilə əlindən alınıb.

ABŞ-ın 19 ştatında vətəndaşlardan seçki məntəqəsində yalnız adı öyrənilir və adın şəxsiyyəti təsdiq edən vəsiqə vasitəsilə təsdiqinə ehtiyac duyulmur. 16 ştatda isə vəsiqəyə baxılır, amma bu sənəddə şəklin olması mütləq deyil. Qalan 15 ştatda isə şəkilli sənəd tələb olunsa da, seçki məntəqəsinə həmin vətəndaşı səsvermədən kənarlaşdırmaq səlahiyyəti verilib.

Seçki saxtakarlığının daha geniş miqyas aldığı məqam erkən səsvermə ilə bağlıdır. Vətəndaşlar bu hüquqdan 32 ştatda yararlana bilərlər, 27 ştatda seçicilər poçt vasitəsilə öz seçimlərini göndərmək imkanındadırlar. Bu prosedur isə ciddi pozuntularla müşayiət olunur. Onu da qeyd edək ki, ABŞ-da seçkilərin qəribəliyinin biri də Oreqon və Vaşinqton ştatlarında səsvermənin yalnız poçt vasitəsilə aparılmasıdır. Yəni vətəndaşlar seçkilərdən 1 həftə öncədən etibarən məktub vasitəsilə seçki məntəqəsinə öz seçimlərini yollayır. Məktubların necə qorunması və oxunması isə Amerika “ədalətinin” öhdəsindədir.

Səsləri yenə də Sorosun “elektorat möcüzəsi” sayacaq

Missisipi ştatının dövlət katibi (hüquqi məsələlər üzrə vəzifəli şəxs) D.Hausmanın apardığı araşdırmaya görə, ştatın 21 dairəsində erkən səsvermədə iştirak edən vətəndaşların sayı ümumi seçici sayından 2 dəfə artıq olub. Ekspertlər amerikalı hərbçilərin öz komandirlərinin nəzarəti altında səs verməsini və seçicilərin etibarnamə əsasında öz səsvermə hüququnu başqa şəxsə həvalə etməsini də ciddi hüquq pozuntusu kimi qəbul edirlər.

ABŞ-da səsvermə prosesi əsasən elektron üsulla keçirilir. Xüsusi elektron maşına təqdim olunan bülletenin necə oxunacağı, səslərin nəticələrinin düzgün hesablanması kimi ən əsas məsələ də şübhə altındadır. Çünki bu prosesin elektron təminatı ciddi nəzarət altında olmur, onları hazırlayan şirkətlərin namizədlər üçün saxta elektoral baza yaradacağı istisna deyil. Yəni bu sistemin operatorları istənilən namizəd üçün səsi artıra, ya əskildə bilər. Verilən əsl səsin - bülletenin qeydiyyatı aparılmır. Merilend ştatında bununla bağlı eksperiment aparılıb. Kompüter mütəxəssisləri “Diebold” şirkətinin istehsal etdiyi səssayma maşınının proqram bazasına müdaxilə edərək onu sındırmış və əlavə səslər qeydə aldırmışlar.

Hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyində də elektron səsvermə qüsurlu sayılmış, seçkilərin ədalətliliyinə və şəffaflığına kölgə salması qeyd olunmuşdur. Ancaq bu irad nəinki nəzərə alınıb, hətta bu seçkilərdə elektron səsverməyə kütləvi meydan verilib. Özü də Corc Sorosun nəzarəti altında...
C.Sorosa bağlı olan İngiltərənin “Smartmatic” şirkətinin istehsalı olan elektron maşınlar ABŞ-ın 16 ştatında səs hesablanmasını həyata keçirir. Orta hesabla 35 milyondan artıq seçicinin səsinin Sorosun “elektorat möcüzəsi” müəyyənləşdirir. Şirkətin rəhbəri Mark Mellok-Braun vaxtilə Soros Açıq Cəmiyyət Fondunda çalışıb və Klintonlar ailəsi ilə işgüzar münasibətlərdə olub. Məlum olduğu kimi, C.Soros Hillari Klintonun əsas sponsorlarından və məsləhətçilərindəndir. Wikileaks-ın məlumatına görə isə xarici siyasət məsələləri ilə bağlı onun yol göstərəni, istiqamət verənidir.

Xarici müşahidəçilərə növbəti qadağa

ABŞ-da seçkilərə müşahidəçi nəzarəti də problemli olaraq qalır. Onların iştirakı istənilən an dayandırıla, məhdudlaşdırıla bilər. Nəzərə alsaq ki, seçki məntəqələri hər bir ştatın özü tərəfindən formalaşdırılır, onun tərkibi bu ştatda hakimiyyətdə olan partiyanın namizədlərinin nəzarətində olur və rəqib partiyanın müşahidəçiləri səsvermə və səssayma proseslərindən təcrid edilir, onda seçkilərin şəffaflığından danışmağa belə dəyməz.

Vətəndaş cəmiyyəti, QHT-lər vasitəsilə seçkilərə nəzarət tam olaraq mümkünsüzdür. Seçkilərdəki nöqsanlar barədə qeydə alınmış faktlar isə yuxarı instansiyalar tərəfindən yoxlanılmır, ümumiyyətlə, protokollaşdırılmır. Çox inad edənləri isə sadəcə, cəzalandırırlar. Məsələn, Şimali Karolina ştatında müşahidəçi C.Okif şübhəli şəxslərin məntəqəyə gələrək seçki pozuntusu törətmələrini və saxtakarlıq etmələrini videoya çəkib sosial şəbəkələrdə yerləşdirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.

ABŞ-da seçkilərə beynəlxalş müşahidəçi dəvət edilməsi praktikası da demək olar ki, yoxdur. Xaricdən gəlmələrinə icazə verilən müşahidəçilərin sayı həddən artıq az olur. Ümumilikdə cəmi 4 ştatda xarici müşahidəçilərin fəaliyyətinə icazə var. Qalan ştatlarda isə buna yalnız qubernator icazə verə bilər ki, adətən bu, baş tutmur.
ATƏT-in DTİHB vasitəsilə digər 200-ə yaxın dövlətdəki seçkiləri daim təftiş edib, öz qərəz süzgəcindən keçirən rəsmi Vaşinqton maraqlıdır ki, bu qurumun ABŞ-da tam tərkibli missiya ilə fəaliyyətinə qadağa qoyub! ATƏT-in bu barədə çox zəif iradına isə Ağ ev daim etinasız yanaşır.

Bu faktlar ABŞ-da vətəndaşların seçki hüququnun pozulmasının, şəffaflıq və ədalətlilik prinsipinin qorunmamasının, çirkli seçki texnologiyalarından total istifadənin təsdiqini göstərən çoxsaylı faktlardan yalnız bir qismidir. Görünən odur ki, 227 illik prezident seçkiləri təcrübəsi mükəmməl deyil, ciddi nöqsanlıdır. Eyni zamanda seçki sistemi və qanunvericiliyi də demokratik normalara cavab vermir.

Amerikalıların 73 faizi seçkilərin saxtalaşdırılacağına əmindir

Artıq beynəlxalq miqyasda ABŞ-dakı seçki prosesi ilə bağlı ciddi müzakirələr gedir. Bu kampaniyaya dərhal qiymət verməsi barədə ATƏT-ə edilən çoxsaylı çağırışlar, təəssüf ki, nəticəsiz qalır.

Düzdür, iki gün öncə bu qurum ABŞ-ı qinayan açıqlama yayıb. Seçki sisteminə federal nəzarətin azaldılması nəticəsində prosesin ştatların öhdəsinə buraxılmasının ciddi pozuntular yaradacağı barədə narahatlığını nəhayət ki, dilə gətirən ATƏT erkən seçki və poçtla səsvermə kimi məqamları da tənqid edib. Beynəlxalq müşahidəçilərə lazımi şəraitin yaradılmaması, onların fəaliyyətinin məhdudlaşdırılması da əsas iradlardan olub.

Bu barədə müzakirələri daha da gərginləşdirən isə Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki prosesinin ədalətsiz, qeyri-şəffaf keçməsini deməsi, demokratik normalara cavab vermədiyini faktlarla göstərməsi olub. O, ciddi saxtakarlığın hazırlandığını, artıq ştatlara bu barədə gizli təlimatların getdiyini bildirib. 24 milyon seçici barədə məlumatın qeydə alınmadığını və onların adından seçki saxtakarlığında geniş istifadə olunacağını, həmçinin 2 milyon “ölü can”ın “dirilmə” ehtimalını səsləndirən D.Tramp ümumiyyətlə seçkilərin nəticələrini tanımayacağını da bəyan edib.

Xüsusi vurğulanası məqam odur ki, bu fikri artıq Amerika ictimaiyyətinin mühüm hissəsi də bölüşür. Politico-Morning Consult Sorğu mərkəzinin araşdırmasına görə, respondentlərin 30 faizi səslərinin düzgün hesablanmasına şübhə ilə yanaşır, cəmi 28 faiz bunun əksini düşünür. Respublikaçıların 73 faizi isə onların qazanacağı səslərin oğurlanacağına indidən əmindirlər. Demokratların 61 faizi səslərin hesablanması prosesində pozuntuların olacağını istisna etməyiblər.

Bir neçə il öncə ABŞ-ın keçmiş prezidenti C.Karter “ABŞ-da olan seçki sistemini ən adi inkişaf etməkdə olan ölkə belə qəbul etməz” demişdi. Əlavə şərhə ehtiyacı olmayan əsaslı faktdır. Həqiqətən də “demokratiya və insan hüquqları” mövzusunu inhisarına alan, özündən meyarlar formalaşdıran Ağ ev bu gün dünyanın ən nöqsanlı, qeyri-şəffaf seçki sistemlərindən birinə malikdir və bunu dəyişdirmək, yeniləşdirmək niyyətində deyil.

Və Ağ ev unutmamalıdır ki, bu gün dünyada demokratiyaya və ədalətli, şəffaf seçkilərə ən çox ehtiyacı olan məhz onun özüdür – Amerika Birləşmiş Ştatlarıdır...

AzVision.az


Teqlər:  





Xəbər lenti