Radio və TV-lər tənqid hədəfində: `Ağa nəzərəm, belə gəzərəm`

  28 Oktyabr 2016    Oxunub : 1586
Radio və TV-lər tənqid hədəfində: `Ağa nəzərəm, belə gəzərəm`
“Bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur”.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyevin “Xalq" qəzetində dərc olunan məqaləsində deyilir. Məqalədə qeyd olunub ki, təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib:

“Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq "ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da”.

Qafar Cəbiyev məqaləsində qeyd edib ki, yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı:

“Bunu nəzərə alaraq prezident İlham Əliyev 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon dollar həcmində yardım ayırıb. Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmnunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərilərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı”.

AzVision.az

Teqlər: