`Space` toyxanadır, yoxsa...? - TV-dən cavab

`Space` toyxanadır, yoxsa...? - TV-dən cavab
  28 Oktyabr 2016    Oxunub:5094
“Space” televiziyasının cəmiyyətdə yaranmış imicinin mənfi olması və efirdə bayağı mahnıların səsləndirilməsi barədə iradlara kanalın icraçı direktoru cavab verib.
“Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev AzVision.az-a açıqlamasında qeyd edilən fikirlərlə razılaşmadığını bildirib.

O vurğulayıb ki, “Space”də inkişaf gedir və hər şey normaldır. “Sonuncu verilişdən sonra bu tip fikirlər qeyd olunur. Lakin o verilişdən bir hissə kəsilib verilmişdi. Verilişdə toy səhnəcəyi qurulmuşdu və o hissə konteksdən çıxarılıb sosial şəbəkələrdə paylaşılırdı. Təbii ki, başqa təəssürat yaradırdı. Səməd Səmədov bəydir və ya digəri gəlindir? Bu səhnəcik qurulmuşdu. Bizdə baxdıq ki, cəmiyyət yaxşı qarşılamır və verilişi dayandırdıq”.

K.Şahverdiyev qeyd edib ki, “Space”də daim dəyişiklər gedir. “Kimsə ola bilsin ki, işdən gedir və ya kanalla narazıçılığı olarsa, sosial şəbəkələrdə müzakirə açır və jurnalistlər də bunu tirajlayır. Bir az obyektiv olmaq lazımdır. “Space”də dəyişiklər edilir. Bizdə heç bir toy mahnısı və ya abu-havası yoxdur. “Space”in reytinqi normaldır, tamaşaçı kütləsi həddindən artıq çoxdur. Hərdən iradlar olur, əlbəttə, iş olan yerdə səhvlər, iradlar da ola bilər. Lakin onların hamısı tənzimlənir”.

Qeyd edək ki, “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişindən bir epizod sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Haqqında mənfi fikirlər səsləndirilən qalmaqallı veriliş artıq bağlanılıb.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti