Prezidentlərin görüşü sual altında - Müharibə qaçılmazdır?

Prezidentlərin görüşü sual altında - Müharibə qaçılmazdır?
  31 Oktyabr 2016    Oxunub:5085
Son günlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məsələsi yenidən gündəmə gəlib. Həmsədrlər regiona səfər zamanı prezidentlərin görüşü üzərində çalışdıqlarını, bu barədə razılıq olacağına ümid etdiklərini bildiriblər. Ermənistan tərəfi isə yenə konstruktiv görüşdən yayınmağa çalışır.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın prezidentlərinin görüşü planlaşdırılımır. Azərbaycan tərəfi isə danışıqlar xatirinə görüşə qəti şəkildə razı deyil. Rəsmi Bakı mövqeyi münaqişənin həllini konstruktiv danışıqlarda görür.

Prezidentlərin görüşü və danışıqlarda müzakirə oluna bilinəcək məsələləri şərh edən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ bölgəsinə muxtar respublika statusunun verilməsi ilə bağlı təklifi çox optimal və hamının maraqlarına cavab verir.

“Bu status kifayət qədər yüksək səlahiyyətlərə malikdir. Ölkənin xarici siyasəti və maliyyə məsələlərindən başqa bütün yerli məsələləri həll edə bilir. Bununla da Azərbaycan prezidenti kiçik bir ərazidə, az sayda əhalinin, kiçik bir icmanın belə maraqlarını yüksək dövlət səviyyəsində qorumağa hazır olduğunu ortaya qoyub. Bu Azərbaycan tərəfindən edilən təklifdir. Düşünmək və cavab vermək Ermənistan tərəfinə qalır”.



Millət vəkili bildirib ki, Ermənistan cəmiyyətinin heç də hamısının bu təkliflə razı olmayacağı gözləniləndir: “Azərbaycan torpaqlarını işğalda saxlamaq Ermənistanın bir hissəsi, o cümlədən hakim elita üçün gəlirli sahədir. Çünki, onlar məhz Qarabağ dalğasında hakimiyyətə gəlmiş və bu gün də Ermənistanın militaristləşməsi fövqündə kifayət qədər böyük gəlirlər əldə edirlər. Məsələyə hakimiyyət orqanlarını cavab verməsi göstərir ki, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın özüdür. İlk cavab separatçılardan yox, İrəvandan gəldi. Bununlada Ermənistan problemi yaradan və bu gün onu gündəmdə saxlayanın özü olduğunu etiraf edir”.

A.Mirzəzadə qeyd edib ki, problem Azərbaycanın ərazisində aid olduğuna görə Ermənistanın nə cavab verməsi bizim üçün əhəmiyyətli deyil: “Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək əzmindədir, bunun üçün bütün variantlardan istifadə edir və Ermənistana son şans verir. Bundan istifadə edib-etməyəcəyi isə artıq Ermənistanın işidir. İrəvanda kimlərinsə bundan sonra da Azərbaycan torpaqlarını işğalda saxlamaq arzusunu uzaq olmayan vaxtda gözündə qoyacağıq”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, hazırki vəziyətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü real deyil. Politoloqun fikrincə, danışıqlarda irəliləyiş olmadığından görüş gözlənilmir.

“Danışıqlarda irəliləyiş yoxdur. Əksinə, rəsmi İrəvan “Dağlıq Qarabağ müstəqil dövlət olmalıdır” deyə israr edir. Ermənilər işğal altındakı torpaqlarda hərbi təlimlər keçirirlər ki, bunun özü istənilən an hərbi toqquşmalara gətirib çıxara bilər.

Böyük dövlətlərin təzyiqini hiss etməyən işğalçı dövlət bu səbəbdən özünü rahat hiss edir və ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacağını vurğulayır. Bu rayonlar boşalmadan isə sülh prosesi işə düşməyəcək. Bu Ermənistanın seçimidir. Ədalətə söykənən sülh istəmirlərsə, müharibəyə hazırlaşmalıdırlar. Görünür, elə bilirlər ki, Rusiyanın onlara verdiyi “İsgəndər” raketləri onları xilas edəcək. Ermənistanın nüvə bombası olsa belə, Azərbaycan heç zaman torpaqlarını işğal azad etmək fikrindən daşınmayacaq. Prezident İlham Əliyev də Rusiyanın “Sputnik” agentliyinə son müsahibəsində bu məsələyə işarə edərək deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmayana qədər özünü rahat hiss etməyəcək, hər an cəbhə bölgəsindəki toquşmanın xofu ilə yaşayacaq. Prezident haqlıdır, torpaqlar işğaldan azad edilməyənə qədər biz işğalçıya rahat yaşamağa imkan verməməliyik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti