Azərbaycanda nazir qızıl medalla təltif olundu
Bildirilib ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurası iqtisad elmləri doktoru, professor S.Müslümovun elmin inkişafında davamlı və səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi sahəsində mütərəqqi beynəlxalq normalara uyğun idarəetmə strukturlarının və pensiya sisteminin formalaşdırılmasında aktiv iştirakına, habelə 55 illik yubileyinə görə Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunmasına dair qərar qəbul edib.
S.Müslümov göstərilən yüksək diqqətə görə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasına minnətdarlığını bildirib, bundan sonra da ölkəmizin tərəqqisi prosesində fəal iştirak etmək əzmində olduğunu vurğulayıb.
1992-ci ildə təşkil olunan, mərkəzi ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Mühəndislik Akademiyası müstəqil elmi-texniki təşkilat kimi beynəlxalq səviyyədə elmi-texniki inkişafa, intellektual potensialın artırılmasına və iqtisadiyyatda tətbiqinə dəstək verir. Akademiyanın tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçıları, görkəmli alimlər, ictimai xadimlər, böyük elmi və sənaye qurumlarının rəhbərləri əhatə olunub. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.
Bundan əvvəl, 2016-cı ilin iyun ayında isə S.Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.
AzVision.az