Məmurlar hələ də `NAZ` alır? - Açıqlama

Məmurlar hələ də `NAZ` alır? - Açıqlama
  01 Noyabr 2016    Oxunub:5294
““NAZ Lifan”ın yeni modeli Lifan 820-dir. Bu modelin cari ildən istehsalına başlanılıb. Yaxın zamanlarda təqdimat mərasimi keçiriləcək”.
Bunu AzVision.az–a Naxçıvan Avtomobil Zavodunun (NAZ) İcraçı direktorunun müavini Polad Sadıxov deyib. O, bildirib ki, yeni model sedan tiplidir və biznes sinfinə aiddir.

P.Sadıxov qeyd edib ki, hazırda satışda olan avtomobillərdən bir çoxlarını nazirliklər alıb: “Daxili müştərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Veteranlar üçün bizə avtomobillər sifariş olunur. Həmçinin Ədliyyə Nazirliyi də bizim maşınlardan alıb. Hazırda dövlət qurumları tərəfindən sifarişlər daxil olur. Yeni model baha olduğu üçün digərləri ilə nisbətdə az satılır”.

Məmurların şəxsi istifadə üçün müraciətlərinə gəlincə, direktor müavini qeyd edib ki, belə sifarişlər çox olur.

Qeyd ki, NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Gəncə Avtomobil Zavodu, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Xatırladaq ki, bu ilin yanvarın 26-da prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb. Ölkə başçısı deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti