Çörçillin Stalinə dəhşətli hədiyyəsi: 10 min insan – GİZLİ TARİX

Çörçillin Stalinə dəhşətli hədiyyəsi: 10 min insan – GİZLİ TARİX
  03 Noyabr 2016    Oxunub:42925
`Sovet İttifaqı əsir-filan tanımır, yalnız ölüləri və xainləri tanıyır`

Bəhram Çələbi

AzVision.az üçün

İkinci Cahan müharibəsi sona çatmaq üzrə idi. 1944-cü il may ayının əvvəllərində Hitlerin keçirdiyi müşavirədə belə bir plan ortaya çıxır: Atlantik okeanın Fransaya aid adalarına sovet hərbi əsirlərini göndərmək və bu barədə ABŞ prezidenti Eyzenhaueri məlumatlandırmaq. Bir həftədən sonra Almaniya, Avstriya və Polşanın əsir düşərgələrindən gətirilən milyonlarla rus əsiri Fransanın qərb sahillərinə yerləşdirilir.

Əsirlərin hamısı alman hərbi geyimlərində idilər. 28 may 1944-cü il tarixində Böyük Britaniyanın xarici işlər naziri Entoni İdenin tapşırığı ilə Britaniyanın Moskvadakı səfiri Arçibald Klark Kerr SSRİ-nin xarici işlər naziri Molotova məktub göndərir. Həmin məktubda ingilislər qeyd edirdilər ki, rus əsgərlərinin böyük hissəsi Qərb cəbhəsində məcburən alman ordusunun tərəfində vuruşurlar. Və əgər SSRİ hökuməti onlara amnistiya vəd edərsə, qoy həmin əsgərlər ilk imkandan istifadə edərək, müttəfiqlər ordusuna təslim olsunlar. Bu vəd öz xoşu ilə xəyanət aktını törədənlərə və həmçinin SS-lə könüllü əməkdaşlıq edənlərə şamil edilməməlidir. Amnistiya təkcə zorla hərəkət edən sovet vətəndaşlarına aid olmalıdır.

Məktubun sonunda səfir qeyd edirdi ki, əgər belə bir bəyanat Generalisimus Stalin tərəfindən verilərsə, daha da effektli təsir bağışlayar.

Molotov tərəfindən imzalanmış cavab məktubunda bildirilirdi: "Sovet rəhbərliyində olan məlumata əsasən, belə əsirlərin sayı alman silahlı qüvvələrində olduqca azdır və onlara xüsusi diqqət ayrılmasının əhəmiyyəti yoxdur. Bu amilləri rəhbər tutaraq Sovet hökuməti məktubunuzda qeyd etdiyiniz bəyanatın nə İ.V. Stalinin, nə də ki, Sovet hökumətinin adından verilməsini məqsədəuyğun saymır".

Belə cavab müttəfiqlər ordusuna "Overlord" əməliyyatını başlamağa imkan yaradır. Stalinin əmri ilə onlar 6 iyun 1944-cü il tarixində Fransanın qərb sahillərindəki ərazilərə güclü zərbə endirirlər. Müttəfiqlər almanları darmadağın edərək sahilə enirlər. Nəticədə minlərlə hərbi əsir ələ keçirilərək İngiltərəyə göndərilir.

İyunun 17-si ingilis kəşfiyyatı xəbər verir ki, əsirlərin 10 faizini ruslar təşkil edir. Xarakterik cəhət onda idi ki, ruslar almanlardan daha həvəslə təslim olurdular. Lakin sonradan müqavimət göstərməyə başlayırdılar. Məlum olur ki, alman təbliğatı onlara böyük təsir göstərib: "Siz iki od arasındasınız. Stalin tərəfindən lənətləndiyinizə görə sizi güllələnmə gözləyir. Sizə həm ingilis, həm də amerikalılar nifrət edirlər. Və əgər onlar sizi güllələməsələr, onda NKVD-yə təhvil verəcəklər. Sizin yeganə qurtuluş yolunuz qanınız bahasına üçüncü reyxə sadiqliyinizi sübut etməkdir və o zaman Böyük Almaniya sizi öz ağuşuna alacaq".

Buna baxmayaraq, əsirlər daxil olmaqda idilər. 20 iyun tarixində Böyük Britaniyanın xarici işlər nazirliyi sovet səfiri Fyodr Qusevə belə bir sualla müraciət edir: "Əsir düşmüş minlərlə SSRİ vətəndaşlarını nə edək?" Səfir isə cavabında susmaqla kifayətlənir.

N.Betelin "Sonuncu sirr" kitabında ingilis arxivlərindən götürülmüş belə bir sənədə rast gəlmək olar: "Bu sual bütövlüklə sovet hökumətinin səlahiyyətlərinə aiddir və Əlahəzrət hökumətinə aidiyyatı yoxdur. Əgər sovetlər hökuməti sonralar kiminləsə maraqlanarsa, onların təhvil vermək lazımdır. Onun isə sonradan güllələnməsi və ya digər cəzalara məhkum edilməsi faktı bizi maraqlandırmır".

Bir sözlə, hər şey aydın idi. Lakin İngiltərdə də bu qərarla razılaşmayanlar tapılır. Onlardan biri də hərbi iqtisadiyyat naziri, xüsusi İşlər İdarəsinin rəhbəri Lord Selborn idi. O, İdeni əmin etmək istəyirdi ki, rusları təhvil vermək onlar üçün ölüm hökmünə imza qoymaq deməkdir. Özü də Selborn bunu deyərkən Stalinin müharibənin əvvəllərində dediyi "Sovet İttifaqı əsir-filan tanımır, yalnız ölüləri və xainləri tanıyır" sözlərinə istinad edirdi.

Buna baxmayaraq, artıq İden və onun əməkdaşları onları vətənlərinə yollamağı qərara alırlar.

Yayın sonlarında ingilis düşərgələrində 12 mindən artıq sovet vətəndaşı vardı. Rusların əhvali-ruhiyyəsi də müxtəlif idi. Onlardan bəziləri tezliklə vətənə dönməyi tələb etsələr də, digərləri bunun əksini istəyirdilər. Hətta Sasseks qraflığında yerləşən düşərgələrin birində əsirlər evə dönmələrinə etiraz olaraq qiyam da qaldırmışdılar. Qiyam yatırıldıqdan sonra sovet səfirliyində müşavirə keçirilir və qərara alınır ki, sovet hərbi əsirlərin hamısı bir nəfər kimi təcili olaraq vətənlərinə göndərilsin.

Sonra baş verənlər isə sovet adamlarının olduqca sərt aksiyası idi. SSRİ-nin Böyük Britaniyadakı səfiri Fyodr Qusev “El Atası” ilə danışdıqdan sonra İngiltərənin xarici işlər naziri Entoni İdenə ünvanlandığı məktubda bildirilirdi: "SSRİ hökuməti adından qəti surətdə hərbi əsirlərin verilməsini və bu məqsədlə Böyük Britaniya hökumətindən olduqca tez bir zamanda əsirlərin aparılmasından ötrü gəmilərin hazırlanmasını xahiş edirəm".

Bununla əlaqədar Entoni İden də hərbi nazirliyə müraciət edir: "Siz bu barədə nə düşünürsünüz? Onların məktubunda bildirilmir ki, əsirlər Rusiyaya qayıtmaq istəməsələr, aqibətləri necə olacaq? Onlar burada bizə gərək deyillər".

Nəhayət, sovet səfirliyinin əməkdaşlarına rus hərbi əsirlərin düşərgəsini ziyarət etməyə icazə verilir. Düşərgələrin bəzilərində görüşlər mehribancasına keçsə də, bəziləri qalmaqalsız ötüşmürdü. Əməkdaşlar bilərəkdən yalana əl ataraq sovet hökumətinin onların hamısını öz oğulları kimi qəbul edəcəyini vəd edirlər. Çoxları bu vədlərə inansalar da, bəziləri vətəndə ya ölümlə, ya da ki, Kolıma ilə üzləşəcəklərini anlayaraq, bu təklifdən qətiyyətlə imtina edirdilər.

Vaxt ötsə də, hərbi əsirlər əvvəlki kimi ingilislərin ərazisində qalmaqda idilər. Və bu dəm hərbi əsirlər məsələsini şəxsən Stalinin özü qaldırır.

Belə ki, 9 oktyabr 1944-cü il tarixində Çörçill və İden Moskvaya rəsmi səfərə gəlirlər. Ayın 11-də İngiltərə səfirliyində təşkil olunmuş ziyafətdə Stalin rəsmi hissədən sonra Çörçillə belə bir sualla müraciət edir: "Əsirlərin vətənə çatdırılması məsələsini bir qədər tezləşdirmək olmazmı?" Çörçill isə İdenlə məsləhətləşərək təbəssümlə Stalinə: "Məsələ həll olunub. Heç bir ay keçməz, sizinkilər evlərində olarlar," - söyləyir.

Stalinlə Çörçillin sonrakı dialoqu:

- Tezliklə bizdə bayram keçiriləcək: Böyük Oktyabrın 27-ci ildönümü. Elə etmək olarmı ki, bizimkilərin gəmiləri məhz 27-si buraya çatsın? Bu, həm onlara, onların ailələrinə, həm də şəxsən mənə böyük bir hədiyyə olar.
- Nə deyirəm, qoy iyirmi yeddisi olsun.
- Siz bunu təşkil etməklə mənə böyük xidmət göstərmiş olursunuz.


Oktyabrın 20-si hərbi əsir düşərgələrinin rəisi general Hepp komendantlara teleqram göndərir: "İlk göndəriş 31 oktyabr 1944-cü il tarixində Liverpul limanından həyata keçiriləcək. "Skifiya" nəqliyyat gəmisi 10 minə yaxın sərnişin götürə bilir. Qrup yalnız vətənə dönmək arzusunda olanlardan ibarət olmalıdır. Əgər onların sayı on mindən az olsarsa, onda İngiltərədə qalmaq istəyənlərdən də daxil edə bilərsiniz. Müqavimətləri zor gücünə dəf etməli".

Bu sonuncu kəlmə öz acınacaqlı rolunu oynayır. Limanda əsirlər silahlı əsgərlərlə əhatə olunmuşdular. Birinci dəstə vətənə can atanlardan ibarət idi və yüklənmə də sakit keçirdi. Lakin birdən kimsə ölümə getmək istəmədiyini ucadan bildirir və qalanları da onu dəstəkləməyə başlayırlar. Qarmaqarışıqlıqda kimsə irəli soxulur, kimi isə geri can atırdı. Bu an polis və əsgərlər hamını sözsüz-söhbətsiz qamarlayaraq gəmiyə basmağa başlayırlar.

Göyərtədə yaranmış basabas nəticəsində bəziləri gəminin anbarına yuvarlanırlar. Gəmi limandan ayrıldıqda təşkilatçılar nə dərəcədə dəhşətli bir iş tutduqlarını anlayırlar. Stalinin kim olduğunu bilənlər özlərini gəmidən dənizə atırdılar.

...Və budur, doğma sahil. Uzaqdan "Böyük Oktyabrın 27-ci il - dönümünə eşq olsun!" şüarları görünür. Doğma vətənə gələnləri əyinlərinə qara sırıqlı geyinmiş musiqiçilər orkestri qarşılayır. Uzun yolun yorğun yolçuları sahilə qədəm qoyan kimi ovçarkalı konvoylar tərəfindən mühasirəyə alınırlır. Dəstə tikanlı məftillərlə əhatə olunmuş və içərisində pulemyotçu qülləsi olan düşərgəyə yollanır.


Teqlər:  





Xəbər lenti