`Şagirdlərdən pul yığılması yolverilməzdir` - Təhsil İdarəsi

`Şagirdlərdən pul yığılması yolverilməzdir` - Təhsil İdarəsi
  03 Noyabr 2016    Oxunub:2293
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına münasibət bildirib.
AzVision.az -ın xəbərinə görə, idarənin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə Təhsil İdarəsinin mövqeyi birmənalıdır:

“Məktəblərdə valideynlərdən heç bir ad altında pul yığılmamalıdır. Çünki BŞTİ direktorlara bununla bağlı tapşırıqlar verib və bundan sonra da tapşırıqlar veriləcək. Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bu məsələdən qaynaqlanır”.

Məhəbbət Vəliyeva əlavə edib ki, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır. Onun sözlərinə görə, təhsil naziri tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb:

"Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir. Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla qaydalara riayət edilməsi ilə bağlı mütəmadi söhbət edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır. Orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq".

İdarə müdiri həmçinin bildirib ki, Bakıda qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti