Yenilənmiş `İdeya Bankı`nda nələr var? - Müsahibə

Yenilənmiş `İdeya Bankı`nda nələr var? - Müsahibə
  08 Noyabr 2016    Oxunub:7974
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yarandığı ilk gündən “ASAN xidmət” mərkəzlərinin vətəndaşlara xidmət sahəsində innovativ fəaliyyətinin dəstəklənməsi və həyata keçirilməsi sahəsində addımlar atıb. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmillişdirilməsi və bu sahədə vətəndaş ideyalarının dəstəklənməsi məqsədilə Dövlət Agentliyinin “İdeya Bankı” da yaradılıb.
“İdeya Bankı” üzrə müvəkkil Nigar Hüseynovanın müsahibəsi:

-İdeya Bankı nədir və vətəndaşlar İdeya Bankından necə istifadə edə bilərlər?

2012-ci ildə yaradılmış bir təşəbbüs olan İdeya Bankı əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə ideya qəbulu aparmaqdadır. İdeya Bankının inkişafı prosesini 2 əsas mərhələyə bölə bilərik. Belə ki, birinci mərhələdə ideyalar sadəcə əməkdaşlardan toplanılsa da, növbəti mərhələdə ideyaların toplanılmasına vətəndaşlar da cəlb olundu. Bununla da vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə töhfə verməklə yanaşı dövlət orqanın qərar qəbul etməsi prosesində bilavasitə iştirak edə bilirlər. Bu məqsədlə müəyyən müddət aralıqları ilə https://azvision.az/redirect.php?url=http://www.ideyabanki.com/ internet səhifəsi vasitəsilə müxtəlif müsabiqələr elan olunur. Vətəndaşlar qeyd olunan internet səhifəsində qeydiyyatdan keçməklə ideyalarını bizimlə bölüşürlər.

-Qeyd etdiyiniz kimi, İdeya Bankı 2012-ci ildən fəaliyyət göstərməkdədir. Maraqlıdır, bu günə kimi İdeya Bankına nə qədər ideyalar göndərilib? Göndərilən ideyalardan hansılar reallaşdırılıb?

Əvvəlcə qeyd edim ki, biz göndərilən ideyaların kəmiyyətinə yox, keyfiyyətinə daha çox əhəmiyyət veririk. Bununla bağlı bəzi statistik göstəriciləri sizə bildirmək istərdim. Bu günə kimi İdeya Bankına göndərilən ideyaların sayı 5000 - dən çox olub. Göndərilən ideyaların qiymətləndirilməsi isə 2 əsas mərhələ çərçivəsində ekspertlər tərəfindən aparılır. Ekspertlərin rəyi əsasında ilkin qiymətləndirilmə mərhələsindən keçən 1994 sayda ideyadan 732 ideya artıq reallaşdırılıb. Elan olunan müsabiqələr “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olduğundan reallaşdırılan ideyaların da əksəriyyəti “ASAN xidmət” mərkəzlərində tətbiq olunur. Bu ideyalardan məsələn, ASAN kitabxana, elektron şikayət köşkü, exit poll cihazı, help point avadanlığı, uşaq avtoşəhərciyi, ASAN oturacaq və digərlərini qeyd etmək olar.

-İdeya Bankının fəaliyyəti ilə bağlı yaxın zamanda hansı yeniliklər gözlənilir?

İdeya Bankı yaxın zamanda fərqli konsepsiya ilə fəaliyyətini davam etdirəcəkdir. Belə ki, İdeya Bankı ölkə üzrə müxtəlif müəssisələrin öz fəaliyyətini təkmilləşdirməsi, istehsal və xidmət sahələrinin inkişafı, cəmiyyətin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində addımların atılması üçün ideyaların vahid toplanılma məkanı olacaqdır. Platformada hər bir təşkilata öz tələbinə uyğun olaraq istənilən istiqamətdə ideya toplamaq, insanları və mütəxəssisləri idarəetmə prosesinə cəlb etmək imkanı yaradılacaqdır. İlk mərhələdə dövlət orqanlarının İdeya Bankına qoşulması nəzərdə tutulur. Daha sonra istənilən təşkilat saytda qeydiyyatdan keçərək fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı istənilən sayda və mövzuda müsabiqə elan edə biləcək.

- Bəs yenilənmiş İdeya Bankı vətəndaşlara və təşkilatlara nə vəd edir?

Əslində platformada fərqli sahədən fərqli təşkilatların iştirakı İdeya Bankı 3.0 versiyanın yeniliklərinin sadəcə müəyyən bir hissəsini təşkil edir. Platformada qeydiyyatdan keçmiş ideya sahiblərinə bir neçə virtual alətlər təklif ediləcək. Belə ki, ideya sahibləri platforma üzərindən digər istifadəçiləri dəvət etməklə “İdeya Komanda”sı yaradıb, ideya üzərində birlikdə işləyə biləcəklər. Bununla yanaşı platformada ixtisaslaşmış ekspertlərdən ibarət baza olacaqdır ki, ideya sahibi ideyasını paylaşmamışdan öncə ekspertə müraciət edib, rəy ala biləcək.

-Göndərilən ideyalar hansı meyarlar əsasında qiymətləndiriləcək?

-İdeya Bankı platformasının prinsiplərindən biri bütün istifadəçilərin maksimum istifadə rahatlılığını təmin etməkdir. Bunun üçün sifarişçi olaraq adlandırdığımız təşkilatlar müsabiqə elan edərkən bütün qiymətləndirmə mərhələlərinin hansı meyarlar əsasında aparılacağını özləri müəyyənləşdirəcəklər. Nümunə olaraq, platformada istifadəçiyə aktuallıq, səmərəlilik, innovativlik, sosial əhəmiyyətlik kimi meyarlar təklif ediləcəkdir. Sonda sizin vasitənizlə bütün vətəndaşları İdeya Bankına qoşularaq, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində birbaşa və daha faəl şəkildə iştirak etməyə çağırıram.

AzVision.az


Teqlər:  





Xəbər lenti