Azərbaycana psixotrop maddələr gətirən dəstə yaxalandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri – Gürcüstan vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, Ağcabədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, H. Rüstəmov və A. Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.
Saxlanılan şəxslərin üzərlərindən, yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, "Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: