`Həmin məmurlar işdən çıxarılmalıdır` - Parlamentdə müzakirə

`Həmin məmurlar işdən çıxarılmalıdır` - Parlamentdə müzakirə
  11 Noyabr 2016    Oxunub:2788
Milli Məclisin iclasında Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat Elmira Axundova bildirib ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik var:

“Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq, yaşıllıqlar məhv edilir. Cəmiyyətdə bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu barədə nazirə də dedim. O da deyir ki, bu barədə məhkəmədə işlər var, qərarlar qəbul olunur, amma icrası mümkün olmur”.

E.Axundova onu əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə yolu ilə ağac kəsənləri cərimələtdirsə də, həmin cərimələri ala bilmir.

Daha sonra çıxış edən deputat Fərəc Quliyev yaşıllıqların məhvinə görə daha sərt addımların atılmasının vacib olduğunu deyib: “Biz burada danışırıq, amma təkcə Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər. Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşılığı qırıb yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarda salınsın. Yeni binaların tikilməsi ilə bağlı ciddi güzəştlər var. Belə adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır. Parlamentdə səslənən fikirləri ümumiləşdirib müvafiq qurumlara göndərməyi təklif edərdim. Bəlkə nazirlər burada səslənən təklifləri nəzərə alacaq”.

Spiker Oqtay Əsədov bildirib ki, indiki mövcud vəziyyətə görə cərimələr daha da sərtləşdirilir. “O ki, qaldı burdakı çıxışlara, burada səsələnən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir: “Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı, artırmalıyıq”.

Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklikdən danışarkən bildirib ki, bu, kifayət qədər az məbləğdir: “O şəxs ağacı kəsəndən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmurlar işdən azad olunmalıdır. “Qanunda alternativ sanksiya çıxarılmalıdır. Çünki biz alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəzanı verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti