`Vitse-prezidentlik institutunun yaradılması vacib hadisədir`

`Vitse-prezidentlik institutunun yaradılması vacib hadisədir`
  11 Noyabr 2016    Oxunub:2325
“Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətli olacaqdır”.

AzVision.az -ın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun sözlərinə görə, seçkili orqanlarda iştirakla bağlı yaş məhdudiyyətlərinin aradan qaldırılması bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan gənclərin potensialından istifadə imkanlarını genişləndirmək zərurətindən irəli gəlir: “Bu gün Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti uğurla aparılır, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Gənclərin potensialından səmərəli istifadə olunması dövrün aktual tələblərindən biridir. Bununla yanaşı, xüsusi qeyd olunmalıdır ki, gənclər dövlət sistemində çalışan müdrik, yüksək peşəkar keyfiyyətlərə malik mütəxəssislərlə yanaşı çalışaraq və onların zəngin təcrübəsindən yararlanaraq, dövlətçiliyimizin qorunması və inkişafında öz səylərini əsirgəməməlidirlər”.

Fərhad Abdullayev bildirib ki, Konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür: “Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı Əsas Qanuna edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur.

Məlum olduğu kimi, 21 il öncə ümumxalq səsvermə - referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın Azərbaycanın dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri ali konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, konstitusiya nəzarəti institutu Konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanları arasında müəyyən edilmiş səlahiyyət balansının təmin edilməsi, habelə konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır və bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti