Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı
  11 Noyabr 2016    Oxunub:1747
Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 336 qərar və 75 qərardad qəbul edilib.
AzVision.az -ın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Onun sözlərinə görə, həmin qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir:

“Ən son qərarlarından biri olan Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir.

Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın Preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar olunmasını təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur”.

Fərhad Abdullayev bildirib ki, Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” 2016-cı il 27 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadla bir daha qeyd edib ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir:

“Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır”.

Sədr əlavə edib ki, Konstitusiya Məhkəməsi həmçinin konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir:

“Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu həm qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir, həm də Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

Bu gün əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik, hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin səmərəli elementinə çevrilmişdir. Öz fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və hüquq sisteminin inkişafına töhfələr verir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə olunması ilə ayrılmaz və sıx əlaqədədir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti