Ölkə başçısı Beyləqana səfər edib - Fotolar+Video

Ölkə başçısı Beyləqana səfər edib - Fotolar+Video
  12 Noyabr 2016    Oxunub:3568
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.



Ölkə rəhbəri daha sonra Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, “Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.



Bildirildi ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.

Qeyd edildi ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 5846 ünvana birləşmə verilib və abunəçilər sayğacla təmin olunub. Şəhərdə 413 yanğın hidrantı quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib. Layihə çərçivəsində Beyləqan şəhərində 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,7 kilometr uzunluğunda kollektor inşa edilib. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

Bildirildi ki, layihəyə uyğun olaraq Beyləqan Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina da tikilib. 700 kvadratmetr ərazisi olan binada Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin büstü qoyulub. Binada müasir standartlara cavab verən laboratoriya, konfrans zalı, işçi otaqları və kafe yaradılıb. Bundan başqa, burada mühasibatlıq, dispetçer, müştəri xidmətləri fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Beyləqanda mövcud infrastruktur istehlakçıların tələbatını ödəməyə imkan vermirdi. Çünki şəhərin içməli su və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Əlli kilometr uzunluğunda içməli su şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və istismar müddəti başa çatıb. Yeni layihənin icrasına qədər Beyləqan şəhərində yaşayan 15 min sakinin 8 minə qədəri və ya təqribən 53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli rejimlə su ilə təmin olunub.

Bildirildi ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə çərçivəsində 2015-ci ildə Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ağdaş şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası başa çatmaq üzrədir. Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə isə tender keçirilib, podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıq görülür.

Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.





***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.

Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.







AzVision.az


Teqlər:  





Xəbər lenti