`Sarkisyan bir halda prezidentə zəng edə bilər...` - YAP-dan reaksiya

`Sarkisyan bir halda prezidentə zəng edə bilər...` - YAP-dan reaksiya
  17 Noyabr 2016    Oxunub:1798
"Dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar etməklə insidentin qarşısını birgə almağı təklif edib. Görünür, Sarkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ortada Ermənistan tərəifindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar 1991-1994-cü illərdə məhz Serj Sarkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib".

AzVision.az -ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, YAP funksioneri Aydın Mirzəzadə Sarkisyanın Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in yaradılması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıran mexanizmi yoxdur. "Sarkisyan bu "qaynar xətt"i müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə yaradaydı. Ermənistan atəşkəsin pozulmasını yox, Azərbaycanın ərazilərindən qoşunlarını çaxarmağı düşünməlidir. O, yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan prezidenti İlham Əliyev demişkən, "erməni əsgəri ölmək istəmirsə, o rədd olub Azərbaycan torpaqlarından çıxıb getməlidir".

Serj Sarkisyan ancaq bir halda Azərbaycan prezidentinə zəng edə bilər: öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa hazır olduğunu bildirmək üçün".

AzVision.az


Teqlər:  





Xəbər lenti