Zukerberq azərbaycanlıların saxta profillərini bağlayacaq

Zukerberq azərbaycanlıların saxta profillərini bağlayacaq
  26 Noyabr 2016    Oxunub:7756
“Facebook”un rəhbəri Mark Zukerberq bəyan edib ki, sosial şəbəkələrdə bütün saxta profillər bağlanacaq.
Bu yaxınlarda xarici KİV-ə açıqlama verən Zukerberq bildirib ki, hazırda saxta profillərin bağlanması ilə əlaqədar ciddi işlər görülür. Prosesə nə zaman başlanacağı bəlli deyil.

Zukerberqin fikrinə istinad edərək qeyd etmək olar ki, “Facebook”da “böyük təmizləmə” əməliyyatı sosial şəbəkənin Azərbaycan seqmentində saxta profillərin bağlanmasına səbəb olacaq.

Xatırladaq ki, Milli Məclisin sonuncu iclasında bu məsələyə xüsusi yer verilmişdi. Saxta profillərdən şikayətlənən bəzi deputatlar təhqir və böhtan xarakterli statuslara görə istifadəçilərin cinayət məsuliyyəti daşımalı olduğunu bildiriblər.

Bir neçə gün öncə Baş prokuror Zakir Qaralov təşəbbüs hüququndan istifadə edərək Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə yeni bir qanun layihəsi göndərib.

Qanun layihəsinə görə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən sosial şəbəkələrdə saxta profil və adlar vasitəsilə şəxslərə böhtan atanlar, təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz AzVision.az-a deyib ki, təkcə ölkəmizdə deyil, bütün dünyada saxta profillərlə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, saxta profillərin bağlanması mümkündür:

“Sosial media resurslarının sahibləri tərəfindən saxta profillərin qarşısının alınması istiqamətində işlərin aparılması kifayət qədər ciddi addımdır. Hesam etmirəm ki, bununla nəyəsə nail olunmaq olar. Bu cür qurumlar biznes qurumları olduğu üçün maraqlıdırlar ki, orada liberal mühit olsun və pul qazansınlar. Sosial resurs sahiblərinin sərtləşmə aparacağına inanmıram. Bu, mənim üçün inandırıcı deyil. Bizdə də saxta profil problemləri var. Azərbaycanda indiyə qədər olan qanunvericiliklə təhqir, böhtanla bağlı məsələləri tənzimləmək üçün yetərincə müddəalar var. Cinayət Məcəlləsində cinayət məsuliyyətini əks etdirən maddə mövcuddur. Amma saxta profillərlə bağlı yeni müzakirəyə çıxarılan təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, anonimlik altında olanda cinayət məsuliyyəti yaransın. Biz burada bir qədər ehtiyatlı yanaşmağın tərəfdarıyıq”.

O.Gündüz qeyd edib ki, saxta profillər, anonimliklə bağlı cinayət məsuliyyətin nəzərdə tutulması bu sırada olan problemlərin aradan qaldırılması üçün yetərli deyil. “İnternet fəlsəfəsi, qloballığı baxımından bunun mexanizmi mürəkkəbdir. Bundan sui-istifadə halları kifayət qədər ola bilər”.

Ekspertin sözlərinə görə Azərbaycanda saxta profillərin açılması kütləvi hal almayıb: “Monitorinqlər göstəriri ki, sosial medianın faydalı tərəfləri çoxdur. İnsanlar sosial media üzərindən biznes layihələri həyata keçirib, pul qazanırlar. Saxta profillərə gəlincə, bu təkcə bizdə deyil, dünyanın demək olar ki, bütün ölkərində mövcuddur. Bunun qarşısını almaq real görünmür”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti