`İsrail hər zaman Azərbaycanın yanındadır` - Arye Qut

`İsrail hər zaman Azərbaycanın yanındadır` - Arye Qut
  27 Noyabr 2016    Oxunub:4727
“İsralin meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət etməsi və bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə yola salınması göstərir ki, ölkələrimiz yaxşı və ya pis gündə hər zaman bir-birinin yanındadır”.

Bu fikirləri AzVision.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

A.Qutun sözlərinə görə, bu fakt bir daha onu sübut edir ki, ölkələrimiz, xalqlarımız arasında real strateji əlaqələr mövcuddur: “İsrail-Azərbaycan əlaqələrinin formalaşması bu günün işləri deyil. Hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm mədəni, həm də mənəvi baxımdan yüksək səviyyədədir. Bu əlaqələr 1990-cı ildən bu yana, yəni, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra inkişafdadır. İsrail Azərbaycanın ən ağır vaxtlarında yanında olub, hərbi baxımdan yardım edib. Bu gün İsrail və Azərbaycanın çox yaxşı siyasi dialoq müstəvisində əlaqələri mövcuddur. İqtisadi baxımdan da İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Bu gün İsrail və Azərbaycan arasındakı ticari əlaqələr 4 milyard dollara yaxındır. Yəni, İsrail-Fransa əlaqələrindən daha yüksəkdir. İsraildə Azərbaycanın səfirliyi olmasa belə əlaqələrimiz hər zaman inkişaf edib. Bu gün İsrail Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edir. Təsadüfi deyil ki, İsraildə istifadə olan benzinin 65 faizi Azərbaycana məxsusdur.

Azərbaycanla İsrail arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr mövcuddur. Amma, ən önəmlisi odur ki, bu əlaqələrin başında insani əlaqələr durur. Çünki, bu gün İsraildə Azərbaycan kökənli 70 min insan yaşayır. Azərbaycanda isə 25-30 minə yaxın Azərbaycan yəhudisi yaşayır. Bu yəhudilər Azərbaycanda çox gözəl şəkildə yaşayır. Heç bir problemləri yoxdur. Başqa Avropa ölkələrindən fərqli olaraq Azərbaycan ərazisində yəhudilər 2600 ildir yaşayırlar. Heç bir zaman Azərbaycanda antisemitizm olmayıb. Bu halın olmaması, Azərbaycanda yəhudilərə çox yaxşı səviyyədə olan münasibətdən irəli gələrək İsrail-Azərbaycan əlaqələri də inkişaf edir. Bu baxımdan İsrail də Azərbacanda yəhudilərə olan münasibəti çox yüksək səviyyədə qəbul edir və inkişafını istəyir”.

Ekspert vurğulayıb ki, İsrail hər zaman Azərbaycanın yanındadır və ərazi bütövlüyünün bərpa olunmasına çalışır: “İsrail şirkətlərinin bir hissəsi Azərbaycanın hərbi kompleksinin yaradılmasında çox böyük rol oynayır. Son aprel döyüşləri göstərir ki, Azərbaycanın hərbi uğurları Azərbaycan əsgərinin gücü və İsrail texnologiyasının tətbiqi ilə bağlı oldu. Aydındır ki, bu faktlardan sonra Ermənistanda yəhudilərə və İsrailə qarşı isteriya yarandı. Buna baxmayaraq İsrail hər zaman söyləyir ki, Azərbaycanın yanındadır. Bu gün İsraildə terror yanğınları baş verib. Bu halda isə Azərbaycan İsrailin yanındadır. Bu fakt bir daha onu sübut edir ki, ölkələrimiz, xalqlarımız arasında real strateji əlaqələr mövcuddur. Burada Azərbaycan prezidenti İlham Əliyevin böyük rolu var. Çünki, Prezident İlham Əliyev İsrail-Azərbaycan əlaqələrinin yaradılmasında və inkişafında arxitektor rolunu oynayır. İsrail tərəfdən isə bu gün müdafiə naziri olan Aviqdor Liberman strateji əlaqələrin yaranmasında çox önəmli rol oynayıb”.

A.Qut qeyd edib ki, bu faktlar İsrail-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyini göstərir: “Dekabrın 13-də İsrailin baş naziri Binyamin Netanyahunun tarixi səfəri baş tutacaq. Hesab edirəm ki, Azərbaycanın çox mürəkkəb bir regionda yerləşmasinə baxmayaraq Azərbaycan dövlətinin çox vektorlu xarici siyasətinin uğurunun göstəricisidir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti