`Xocalı cinayətkarları Rusiyada bizneslə məşğuldurlar`

`Xocalı cinayətkarları Rusiyada bizneslə məşğuldurlar`
  28 Noyabr 2016    Oxunub:1476
Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir.
AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə keçirilən “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasında hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında deyib.

Millət vəkili bildirib ki, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: “Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMT TŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.

Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.

Daha sonra çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, Xocalı soyqırımını törədənlərin əksəriyyəti Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Deputat qeyd edib ki, həmin cinayətkarlar Rusiyada yaşamaqla yanaşı iri bizneslə məşğuldurlar: “Xocalı soyqırımını törədənləri Rusiyadan mütləq almalıyıq. Biz beynəlxalq hərbi tribunala müraciət etməklə yanaşı Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Rusiyadan Xocalı cinayətkarlarını aldıqdan sonra hərbi tribunal keçirə bilərik”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti