Parlamentdə Qarabağ erməniləri ilə bağlı təklif

Parlamentdə Qarabağ erməniləri ilə bağlı təklif
  29 Noyabr 2016    Oxunub:2237
“Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Millət vəkili bildirib ki, bu, müraciətin perspektivli olması inandırıcı deyil: “Amma biz öz borcumuzdan çıxmalıyıq. Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

Daha sonra çıxış edən deputat Fazil Mustafa rusdilli media ilə bağlı narazılığını ifadə edib. Deputat çıxışında “MİR” telekampaniyası ilə bağlı iradlarını bildirib: ““MİR” telekanalı Azərbaycanda da yayımlanır, amma bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?

Eyni zamanda “Bakinski raboçi” qəzeti illərdir Azərabaycanda çap olunur. Onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanın irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”.

Millət vəkili Rövşən Rzayev deyib ki, Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı layihə hazırlanıb, məqbul olarsa, təqdim ediləcək.

Deputat qeyd edib ki, Milli Məclisdə Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması müsbət haldır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti