`Qarabağ münaqişəsi kimlər üçünsə çirkli biznesdir` – Ramiz Mehdiyevdən yeni məqalə

`Qarabağ münaqişəsi kimlər üçünsə çirkli biznesdir` – Ramiz Mehdiyevdən yeni məqalə
  30 Noyabr 2016    Oxunub:6889
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məqalə yazıb. “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalənin tam versiyasını BURADAN oxuya bilərsiniz.

AzVision.az xəbər verir ki, Ramiz Mehdiyev məqaləsində 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan təmas xəttindəki gərgin vəziyyətdə heç bir əhəmiyyətli dəyişikliyin olmadığını yazır.

“Nə prezidentlərin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edirlər. Lakin hələlik heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin gələcəkdə ədalətli sülhlə yekunlaşacağına zəmanət verə bilmir”,- deyə akademik məqaləsində qeyd edib.

Ramiz Mehdiyev vurğulayır ki, faktik olaraq müharibə nə cəbhədə (işğal edilən torpaqlar indiyə qədər azad olunmayıb), nə diplomatik, nə də media məkanında bitib: “Kiməsə Dağlıq Qarabağ münaqişəsinin qalması həm biznes, həm də siyasət yürütmək imkanı – çirkli biznes və çirkli siyasət,- baxımından sərfəlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan xalqlarının qarşılıqlı əlaqələrində qanayan yaradır. Bu münaqişə artıq uzun illərdir ki, kəskin və ciddi problem olaraq qalır. Ermənistan və Dağlıq Qarabağ separatçıların günahı ucbatından başlayan müharibənin dəyəri olduqca yüksək oldu, bunu unutmaq olmaz. Bəlkə də Ermənistan prezidenti Serj Sarkisyanın öz həmvətənlərinin fikrinə qulaq asmağın və işğal olunan Azərbaycan torpaqlarının azad olunması istiqamətində konkret tədbirlər görməsinin vaxtı çatıb?”

Akademik daha sonra yazır ki, beynəlxalq birliyin və güclü dövlətlərin “köməyinə” ümid edən qonşu ölkə öz şəxsi sülh potensialını, hazırda xalqların arasında inamın yaradılmasına xidmət etməyən müasir siyasi texnologiyaları və əsrlik ənənələri unutmamalıdır. Regionda sülhün əldə olunması üçün bu ideyadan daha real və asan yol yoxdur. Əgər Ermənistan rəhbərliyi münaqişənin ən ağrılı aspektləri üzrə tərəflərin mövqelərinin yaxınlaşdırılması yollarını axtarmasa, ağrılı suallara cavab verməyə çalışmasa, onda problemin həllinin uzanmasının nəticələri acınacaqlı olacaq.

“Aydındır ki, istənilən konflikt kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də determinantı siyasi xadimlərlə yanaşı, xalqdır. Bura cəmiyyətin nümayəndələri, ziyalılar, KİV əməkdaşları, QHT, diaspora təşkilatlarının nümayəndələri daxildir. Münaqişənin real mənbələrinin ictimaiyyət önünündə və “yerlərdə” müzakirəsini keçirməklə hər iki ölkənin nümayəndələri birgə əhəmiyyətli nəticələrə gələ bilərlər.

Münaqişənin həllinin uzanması şəraitində vəziyyətinin istənilən formada gərginləşməsi, güclər balansının dəyişməsi ən ağlasığmaz faciəvi nəticələrə səbəb ola bilər. Ona görə də, sülhün əldə olunması üçün əhəmiyyətli hüquqi baza ola biləcək xalq diplomatiyası formatı da daxil olmaqla, Azərbaycan və Ermənistanın nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi olduqca əhəmiyyətlidir”- deyə Ramiz Mehdiyev yazır.

Akademik vurğulayır ki, ənənəvi olaraq, xalq diplomatiyasının müvəffəqiyyətləri, vəziyyətin nizamlanması həm daxili, həm də dövlətlərarası məsələlərin həllinə yardım edir. Çünki sivilizasiyanın inkişafının əsas göstəricisi, proqressin mühərriki sadə insanlardır: “Vəzifə səlahiyyətləri, protokol baryerləri və peşəkar şərtliliklərlə deyil, yalnız öz vətəndaşlıq borcunu yerinə yetirməyə, vətəninə meydana çıxan çətinlikləri dəf etməkdə yardımçı olmağa çalışan vətənpərvərlər özlüyündə peşəkar siyasətçilərin illər və on illiklər boyu dəfedilməz kimi görünən problemlərin həllində müəyyənləşdirici halqa rolunu oynayır”.

Ramiz Mehdiyev məqalədə qeyd edir ki, Azərbaycan ənənəvi olaraq ərazisində çoxsaylı xalqların və milli azlıqların (ermənilər də daxil olmaqla), həmçinin, müxtəlif konfessiyaların nümayəndələrinin yaşadığı suveren dövlətdir. Multikulturalizm müasir Azərbaycanın dövlət siyasətidir. Eyni zamanda, bu, bizim xalqımızın əsas fərqləndirici cəhətlərindən biridir, bunun sayəsində öz mentaliteti, mənəviyyatına görə azərbaycanlılar həmişə sülh tərəfdarı olan xalqlarla sülh və dostluq şəraitində yaşayıblar.

Ermənilərin minnətdar olacağına ümid edən Azərbaycan onların səmimiliyinə inanaraq, 1918-ci ilin may ayında İrəvan şəhərini onların yaratdığı dövlətin paytaxtı (siyasi mərkəzi) olması üçün onlara güzəştə getdi. Bizim əmin-amanlığımız həmişə böyük və kiçik mənada mədəniyyətimizdən və zehnimizdən, dövlət və məişət işlərindən asılı olub. Ona görə də, Azərbaycan həmişə Ermənistan da daxil olmaqla, hamı ilə sülh və bərabərliyin tərəfdarı olub. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən dünya dini liderlərinin sammitinin açılışında çıxışı zamanı vurğuladığı kimi, “Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə həll olunsun. Elə etməliyik ki, insanlar bir-birlərinə mehriban yanaşsınlar. Bu anlamda təkcə siyasətçilərin fəaliyyəti yetərli deyil”.

“Tarix öyrədir: Mövcud problemləri birgə həll etmək lazımdır. Dövlətlərin fəaliyyətlərinin aydın şəkildə müəyyənləşdiyi sərhədlərinin olduğu yerdə insanlar daim şəxsi ünsiyyət quracaq, ümumi məqsədlər, dəyərlər, ümid və həyəcanın ifadələri təmas nöqtələrini tapacaq. Bu nöqteyi-nəzərdən sülh danışıqları üçün müharibəyə qarşı mövqe həmişə ən konstruktiv və məhsuldardır”,- deyə məqalədə qeyd olunub.


Ramiz Mehdiyev xatırladır ki, 2016-cı il noyabrın 8-də Bakıda Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri, Ermənistandan və Azərbaycandan baxış” adlı beynəlxalq konfransı hər iki xalq arasında əlaqələrin yaradılması, Dağlıq Qarabağ üzrə mövqelərin yaxınlaşdırılması, tərəflərin təmas xəttində yeni qarşıdurma qığılcımının qarşısının alınması, mövcud təhlükələrin aradan qaldırılması baxımından növbəti mərhələdir. Bu konfrans öz xalqının taleyinə biganə olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını anlayan, yəni qarşı tərəflə də danışmağı, eşitməyi və anlamağı bacaran şəxslərin cəlb olunması ilə ən geniş səviyyədə Azərbaycan-Ermənistan qarşılıqlı əlaqələrinin gələcək inkişafı üçün xüsusi əhəmiyyətə malikdir.

“Görüşün leytmotivi bu tezis olub ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə yalnız hökumətlər deyil, həm də xalqların özləri məşğul olmalıdır. Və ya konfransının iştirakçısı Vahe Avetyanın ehtiyac içində olan ermənilərin əhval-ruhiyyələrini ifadə edərək, dediyi kimi, “Tanrı, əgər varsansa, biz böyükləri öz uşaqlarımıza etdiklərimizə görə bağışla. Əgər biz böyüklər, ölənə qədər səhvlərimizi düzəltməsək, onda uşaqlarımızı darda qoyacağıq. Ayılın, düşünün, böyüklər. İnformasiya və internet dövründə Allah bizim canımızı almayana qədər gələcək nəsillərin həyatını yaxşılaşdırmaq üçün əlimizdə hər şey var. Əs Salam Aleykum!”,- deyə yazıda bildirilir.

Akademik xatırladır ki, konfransda Ermənistan vətəndaş cəmiyyətinin fəalları – jurnalist, “Meridian” qeyri-hökumət təşkilatının vitse-sədri Syuzan Caqinyan, “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, Azərbaycanın nümayəndələri – Milli Məclisin deputatları, QHT rəhbərləri, bizim ölkədə akkreditasiyadan keçən beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

- Erməni vətəndaş cəmiyyətinin bir neçə təmsilçisinin Bakıya gəlməsi heç də hər gün baş verən hadisə deyil.- Ramiz Mehdiyev yazır,- Demək olar ki, Ermənistan hakim rejimindən asılılığı olmayan Ermənistan qeyri-hökumət sektorunun nümayəndələri ilk dəfə Azərbaycana səfər etdilər. Bakıya səfərlə bağlı qərar hüquq müdafiəçilərin özləri tərəfindən verilib. Ermənistan hakimiyyətilə hər hansı məsləhətləşmələrdən söhbət gedə bilməz, çünki bu hüquq-müdafiəçilərinin kritik baxışları hakim dairələr tərəfindən qəbul olunmur. V.Avetyan Bakıda dedi ki, “Bizim bu konfransda iştirakımız xalq diplomatiyası tərəfdarı olmağımızın göstəricisidir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın nümayəndələrinin bütün fəaliyyəti bizim Azərbaycandan olan həmkarlarla birgə qurmaq istədiyimiz prosesin dağıdılmasına yönəldilib”.

Bakıya gələn ermənilər, onların öz etiraflarına görə, daimi olaraq Ermənistan rəhbərliyinin təzyiqlərinə məruz qalırlar. Hüquq müdafiəçilərinin düşdüyü bu arzuolunmaz vəziyyət ölkə üçün baha başa gələn və yaxın gələcəkdə daha böyük siyasi boşluq və iqtisadi sınaqlarla üzləşəcək Sarkisyan rejiminin onun yürütdüyü siyasətə qarşı təniqdlərə dözümsüzlüyü ilə izah olunur.

Lakin Süzan Caginyanın da mətbuat konfransında dediyi kimi, “Dağlıq Qarabağ münaiqşəsinin həlli vaxtı artıq çatıb. Bu münaqişə hazırda Ermənistan hakimiyəti tərəfindən tətbiq olunan metodlarla deyil, sülh yolu ilə həll olunmalıdır. Bu münaqişə nəticəsində insnaların ölümü çox pisdir, faciəvidir”.

(Yenilənir)

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti