Rüfət Aslanlının 9 ayda gördüyü işlər - Hesabat

Rüfət Aslanlının 9 ayda gördüyü işlər - Hesabat
  01 Dekabr 2016    Oxunub:1590
Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarına dair yanvar-sentyabr ayları üzrə hesabatı təqdim edib.
AzVision.az xəbər verir ki, qiymətli kağızlar bazarının ümumi icmalında deyirlir ki, hesabat dövrü ərzində Bakı Fond Birjasında və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 11,877 milyard manat təşkil edib. Cari il ərzində qiymətli kağızların ilkin bazarı 6.4 dəfə artaraq 8,169 milyard manata çatıb. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2.6 dəfə, dövlət qiymətli kağızlar bazarı isə 19.2 dəfə artıb. Korporativ qiymətli kağızların təkrar bazarında və törəmə maliyyə alətləri bazarında müşahidə olunan neqativ trendin fonunda, dövlət qiymətli kağızları bazarında və korporativ qiymətli kağızların ilkin bazarında müşahidə edilən canlanma ümumi bazar həcminin artımını şərtləndirib.

Korporativ qiymətli kağızlar

Hesabat dövründə korporativ qiymətli kağızlarla birjada və birjadankənar bazarda bağlanmış əqdlərin ümumi həcmi 2.6 dəfə artaraq 8,287 milyard manata çatıb. Bu müddət ərzində korporativ qiymətli kağızların ilkin bazarı 6.2 dəfə artaraq 7,9 milyard manat təşkil edib. Buna baxmayaraq korporativ qiymətli kağızların təkrar bazarında geriləmə müşahidə olunmuş və bu alətlərlə təkrar bazar əməliyyatları 4.9 dəfə azalaraq 379 milyon manat təşkil edib. 2016-ci ilin yanvar-sentyabr ayları ərzində səhm bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artaraq 700 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində səhmlərin ilkin bazarı 2.6 dəfə artaraq 384 milyon manata çatmış, təkrar bazar isə 10% azalaraq 315 milyon manat təşkil edib. Korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artaraq 7,587 milyard manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 6.7 dəfə artaraq 7,501 milyard manat, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi isə 3.2 dəfə artaraq 22 milyon manat olub.

Dövlət qiymətli kağızları

Hesabat dövründə Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac keçirilib və nəticədə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən il ilə müqayisədə 19.2 dəfə artaraq 380 milyon manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazarı hesabat dövrü ərzində 6 dəfə artaraq 118,6 milyon manat təşkil edib.

Törəmə maliyyə alətləri bazarı

Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 3 milyard manat olan valyuta əsaslı və 199,6 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 43.5% geriləmə müşahidə edilib.

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə Bakı Fond Birjasında bir repo əməliyyatı qeydə alınıb və bu əqd ilk dəfə olaraq qeyri-bank olan hüquqi şəxslər arasında bağlanılıb. Repo müddəti 30 gün, repo faiz dərəcəsi 11%, məbləği isə 1,46 milyon manat olub. Əqd Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazları ilə bağlanılıb. Korporativ qiymətli kağızlar üzrə isə repo əməliyyatı keçirilməyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti