Generalların Moskva toplantısında 3 mühüm məqam

Generalların Moskva toplantısında 3 mühüm məqam
  01 Dekabr 2016    Oxunub:2830
Ötən gün Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan müdafiə naziri Zakir Həsənov da iştirak edib.
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası nə ilə yadda qaldı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a açıqlamasında bildirib ki, 3 məqam bütün diqqəti bu toplantıya yönəldib:

Birinci məqam: Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə dedi ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur. Seygey Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturunun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə hələ ki, konkret cavabı yoxdur. Çünki, işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi sturktur yaratmaq başqa. Ümumiyyətlə iki nazirin görüşünün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı. Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəlar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir. Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikinci məqsəd isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı Transxəzər (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir.



İkinci məqam: Sergey Şoyqu Azərbaycanla hərbi əməkdaşlıq haqqında xoş sözlər söyləməsinə rəğmən, Moskvada əsas sənədi Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla imzaladı. Söhbət iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılmasından gedir. Şoyqu Azərbaycanın ünvanına dediklərinin eynisi Ermənistanın ünvanına dedi: “Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub.Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur”.

Qeyd edək ki, birləşmiş qoşun qruplaşmasına Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin birləşmələri daxil olacaq.

Üçüncü məqam: Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası ilə eyni gündə Kremlin nəzarətindəki “Nezavisimaya qazeta”da maraqlı məqalə yayınlandı. Həmin məqalədə yazılırdı ki, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Mümkündür ki, bu mövzu Sergey Şoyqu ilə Zakir Həsənov arasında da müzakirə olunub”.



Politoloqun fikrincə, indiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir: “Birincisi, Azərbaycanın İraq, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycanın Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak mümkün deyil. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni, rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək”.

Elvin Abulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti