Buraxılış imtahanlarında yeni qaydalar

Buraxılış imtahanlarında yeni qaydalar
  03 Dekabr 2016    Oxunub:2361
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla tanış olması məqsədilə seminar keçirilib.
Seminarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay Regional Bölməsinin əhatə etdiyi rayonlardan olan müəllimlər də iştirak edib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə edib. O, 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydaları haqda geniş məlumat verərək bildirib ki, 9-cu sinifdə oxuyan şagirdlər ötən 9 il ərzində yeni proqram əsasında təhsil alırlar. Yəni 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. “Birinci sinifdən kurikulum tətbiq olunub. Şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni metodlar hazırlanıb və onların buraxılış imtahanları iki mərhələdə keçiriləcək”, - deyə M.Abbaszadə vurğulayıb.

Məleykə Abbaszadə bildirib ki, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla, iki mərhələdə təşkil ediləcək. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim olunacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə, 60 test tapşırığı veriləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.

Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla suallarını cavablandıran Məleykə Abbaszadə qeyd edib ki, yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcək. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri də çapa hazırlanır.

Azərbaycan dili və riyaziyyat fənləri üzrə seksiya iclasında Dövlət İmtahan Mərkəzinin nümayəndələri Afiqə Batıyeva, Aydın Qasımov, Oleq Şelaqinov, Bakı Dövlət Universiteti nəzdindəki liseyin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti