Azərbaycanın Qarabağa qayıdış strategiyası

Azərbaycanın Qarabağa qayıdış strategiyası
  05 Dekabr 2016    Oxunub:7421
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tərtərə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib. Ölkə başçısı ictimaiyyət nümayəndələri ilə görüşdə bildirib ki, işğal altında olan torpaqlarımıza qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya var.

“Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq”,-deyə prezident çıxışında söyləyib.

Prezidentin dediyi strategiya nədən ibarətdir?

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanın startegiyası işğal olunmuş torpaqlarımızın azad olunmasına əsaslanır: “Prezident İlham Əliyevin regionlara səfəri hər zaman böyük maraq doğrur. Çünki, səfərlər zamanı regionların sosial-iqtisadi inkişafı, insanların sosial vəziyyətinin yaxşılaşması ilə bağlı atılan addımların real nəticələri görünür. Eyni zamanda cəbhə bölgəsinə səfərlərdə silahlı qüvvələrin hazırlığı yoxlanılır, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi bəyanatlar verilir. Ölkə başçısı bu dəfəki səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımların atıldığını, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində xalqın qətiyyətli olduğunu vurğuladı. Strategiyamız birdir. Yəni, ərazi bütövlüyümüzün təmin olunması, Ermənistanın işğalına son qoyulmasıdır. Atılan addımlar heç zaman gizlədilməyib. Bu strategiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratiyanın Azərbaycanın bütün sahələrində bərqərar olunması, beynəlxalq birliyə inteqrasiya, haq səsimizin beynəlxalq birliyə çatdırılmasıdır. Bunların hər biri öz nəticəsini verir.

Bu gün bölgədə təkcə Dağlıq Qarabağ uğrunda mübarizə getmir. Eyni zamanda Azərbaycan və Ermənistan dövlətçiliyinin yarışı gedir. Bu yarışda Ermənistan uduzur. Başqa dövlətin torpaqlarına iddia, orta əsr təfəkkürü, sivil qaydalardan uzaq hərəkət heç bir dövlətə inkişaf gətirməyib. Bu gün Azərbaycan kredit verən, onun üçün ənənəvi olmayan iqtisadiyyat sahələrini inkişaf etdirən, arzuolunan dost ölkədir, Ermənistan isə özünü kiminsə forpostu olmasına razılaşıb. Amma, bunun özü çox ağır bir formada gedir. Bu gün bütün gücünü orduya yönəltməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Ona görə də Ermənistanın bir çıxış yolu var. Bu da işğal olunmuş Azərbaycan torpaqlarını işğaldan azad etmək və qonşu dövlətlərlə sivil qaydada yaşamaq”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının fikrincə, qayıdış strategiyası işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ciddi iradənin ortada olmasıdır: “Məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Ermənilər bundan nəticə çıxarmalıdırlar. Düşmən heç bir şərt irəli sürmədən, müqavimət göstərmədən işğal olunmuş torpaqlardan çıxmalıdır. Strategiyamız bundan ibarətdir. Əgər ermənilər danışıqlar yolu ilə işğal olunmuş torpaqları tərk etməsələr, təbii ki, hərbi gücümüzlə onlara cavab verəcəyik. Bu, Ermənistan üçün çox ciddi itkilərlə nəticələnəcək, sarsıdıcı zərbə alacaqlar”.

Millət vəkili Zahid Oruc bildirib ki, prezident İlham Əliyevin aprel hadisələrindən sonra təmas xətinə səfərləri yalnız siyasi mesajlar vermək, cəbhə xəttindən ermənilərlə informasiya müharibəsini davam etdirmək niyyəti güdmür. Deputat hesab edir ki, səfərlərin beynəlxalq miqyasda məqsədləri var.

“Ölkə rəhbəri Qarabağ danışıqlarının müəyyən qədər dayandığını açıq şəkildə göstərir, indiyə qədərki illərdə müxtəlif kabinetlərdə aparılan danışıqların səmərəsiz oduğunu ortaya qoyur və bunun alternativi kimi hərbi qüvvələrin önə çıxdığını ifadə edir. Bu gün Ağdamın hər bir hissəsi özü-özlüyündə döyüş zonasıdır. Orada parta arxasında əyləşən şagird də, müəllim də, sadə kəndli də bir döyüşçüdür. Həmçinin Tərtər ərazisi üçün də bu fikri söyləmək mümkündür. Bu adamlar hər gün atəsi bu və ya digər formada öz üzərlərində hiss edirlər. Belə olan təqdirdə Ali Baş Komandan növbəti dəfə onların yanına gəlir.

Tərtərin səngərə yaxın əraizlərində dağıdılmış evlərin bərpası əslində qalanın, qəsrin, səngərin bərpası anlamına gəlir. Bunun mənəvi-psixoloji cəhətdən ermənilərə nə qədər təsir etiyinin fərqindəyik. Həmin ərazilərdə insanlar yaşamaqda davam edirlərsə, həqiqətən onlar qəhrəmandırlar, amma, bununla bərabər onlara bu ötkəmliyi, möhkəmliyi verən ölkənin rəhbəridir. Yaxşı xatırlayırıq ki, 90-cı illər faciələrimizin ən böyük səbəblərindən biri də əhalinin panikadan öz evlərini qoyub çıxması idi”.

Z.Oruc vurğulayıb ki, məslənin ən önəmli cəhəti hərbi cəhətdən görülən tədbirlərdir: “İşğal olunmuş ərazilərimizə qayıdışın planları var. Bunun həm mühüm strategiyası, həm də taktikası mövcuddur. Düşünürəm ki, artıq bunlar həyata keçirilməkdədir. İndi Azərbaycan tərəfi belə demək mümkündürsə, patronları saymır. Yəni, hər dəfə əsgər erməni tərəfindən ona olan atəşə cavab vermək üçün dərhal komandirindən icazə tələb etmir. O, artıq deyildiyi kimi on qat artıqlığı ilə cavab verir.

Müharibələr iqtisadiyatların, maliyyələrin, valyutaların müharibələridir. Çünki, hər bir atılan güllənin alınıb, yerinə qoyulması, yaralanan əsgərin müalicəsi, dağılan evləri bərpa etmək, təsərrüfatı yenidən bərpa etmək lazımdır. Deməli, Azərbaycanın ən mühüm taktiki işi hər gün ermənilərə “bu ərazilər sizin üçün doğma vətən deyil” mesajını verməkdir.

İkincisi, yeni müasir silahlar gətirilib. Ermənistan uzun müddətdir deyir ki, ikinci Qarabağ savaşını bütün Azərbaycan ərazisində, hətta Bakıda aparacağıq. Onlar düşünür ki, neft bizim nə qədər güclü yerimizdirsə, bir o qədər də zəif nöqtəmizdir. Bu baxımdan Bakının, Gəncənin, Mingəçevirin hava hücumundan müdafiə sistemləri qurulmalıdır. Ölkə rəhbəri məhz bunu həyata keçirməkdədir.

Üçünücü, strateji resurslar qorunmalıdır.

Hesab edirəm ki, prezident cəbhə bölgəsindən tarixi torpaqlarımız haqqında mesajlar verməklə erməni tərəfi ilə açıq davanı öz səviyyəsində, bir lider olaraq apardığını ifadə edir. Sarkisyan buna qadir deyil. Çünki, o nə ideoloqdur, nə siyasətçidir, nə beyin mərkəzlərinin materiallarını önə çıxaran bir adamdır. Düşünürəm ki, ölkə başçısı cəbhə bölgələrinə səfəri bu əraziləri möhkəmləndirmək, düşmən qarşısına sipər çəkmək, “döyüşü məhz prezident aparır” mesajını vermək, əsgərlərin əlini sıxmaq, onları Ali Baş Komandan kimi dəyərləndirmək üçündür. Öz rəhbərini yanında görən əsgər mütləq döyüşəcək. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov daim cəbhə bölgəsindədir. Kabinetdən, xəritələr üzərindən cəbhə xəttində tanka, topa göstərişlər vermək qeyri-mümkündür. Ona görə də bu səfərlər Ermənistan-Azərbaycan savaşının növbəti mərhələsi üçün çox faydalıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti