`İşçiləri ixtisar edib, bahalı maşınlar sürürlər` - Büdcə müzakirəsi

`İşçiləri ixtisar edib, bahalı maşınlar sürürlər` - Büdcə müzakirəsi
  07 Dekabr 2016    Oxunub:3735
Milli Məclisdə büdcə müzakirələri davam edir.
AzVision.az xəbər verir ki, müzakirələrə qatılan deputat Jalə Əliyeva sosial mənzillərdən söz açıb. Millət vəkili ümid edir, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək.

Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacib olduğundan onun həyata keçirilməsinə ehtiyac var.

J.Əliyeva ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməsini təklif edib: “Çox təəssüf ki, ölkəmizdə hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digələri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarırır. Bu baxımdan belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa, yaxşı olar”.

Deputat Tahir Rzayev isə çıxışında dünyada baş verən iqtisadi böhranın Azərbaycandan yan keçmədiyini deyib. Deputat iş yerlərində ixtisarların aparılması ilə bağlı narazılığını ifadə edib.

“Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etməsi doğru deyil. Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzidir. İşçiləri ixtisar edib, bahalı maşınlar sürürlər. Ümumiyyətlə, israfçılığın qarşısını almaq lazımdır. Büdcə xərclərinə nəzarət artırılmalıdır. Özəl sektor inkişaf etdirilməli, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.

Millət vəkili Yevda Abramov Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına münasibət bildirib: “Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? “Enerjinin və təbii qazın qiymətinin artırılması ilə razı deyiləm. Hesab edirəm ki, kvotanı ikiqat artırmaq olar”.

Deputat, həmçinin “qara bazar”da dollar satışına nəzarət olunmadığını söyləyib: “Bu işə nəzarət olunmur. Özüm bir neçə metro stansiyalarının çıxışlarında dollar satıldığını görmüşəm. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Baxırsan avtomobillərinin baqaj hissəsində dollarlar var. Hardandır onlarda bu qədər pul? Valyutadəyişmə məntəqələrinin ləğvi belə bazarların yaranmasına səbəb oldu. Mən danışıram, bəziləri sözlərimdən inciyir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti