Çingiz Qənizadə `Qaçqınkom` sədrinə cavab verdi

 Çingiz Qənizadə `Qaçqınkom` sədrinə cavab verdi
  08 Dekabr 2016    Oxunub:1794
“Mən təbii ki, bu cür reaksiyanı gözləmirdim. Hətta elə hesab edirdim ki, komitə rəhbəri də müavinətlərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilməsindən kənarlaşmasında və bir az iş-gücünün azalmasında maraqlıdır. Amma çox təəssüf ki, mənim fikirlərim başqa cür yozuldu və ayrı münasibət bildirildi”.
Milli Məclisin deputatı Çingiz Qənizadə bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun Milli Məclisdə onun dediklərinə sərt reaksiya verməsinə münasibəti zamanı bildirdi.

Qeyd edək ki, Ə.Həsənov Ç.Qənizadəyə xitabən “Kimsə hansısa problem barədə məlumatlı deyilsə, heç olmasa öyrənib, sonra danışmalıdırlar” – deyib, onun mətbuata fikirlərini təkzib edib.

AzVision.az xəbər verir ki, deputat isə “Yeni Müsavat”a özəl açıqlamasında dedi ki, “Qaçqınkom” rəhbərinin cavab reaksiyasında sonra da əvvəlki fikirlərində qalır: “Mən Əli müəllimə böyük hörmət və ehtiramımı göstərməklə bərabər, cənab prezidentin hər hansı bir sahədə rüşvət korrupsiya halları varsa, ona qarşı mübarizə prinsipini rəhbər tutaraq, öz fikrimdə qalıram. Əslində belə bir fikir formalaşdırmağa çalışırlar ki, - xüsusilə də bu, müəyyən vəzifəli şəxslər tərəfindən deyilir – guya mən qaçqınların və məcburi köçkünlərin statusunun dəyişməsi ilə bağlı fikirlər səsləndirirəm, bu da hansısa müavinətlərin verilməsinin məhdudlaşdırılması ilə bağlıdır”.

Ç.Qənizadə əslində nə dediyini, hansı mövqedən çıxış etdiyini bu cür xatırlatdı: “Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriyanın kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.

Amma bu yaxınlarda Hesablama Palatasının kollegiyası tərəfindən müəyyən açıqlamalar verildi və 2015 - 2016-cı illərin birinci rübündə bu komitə tərəfindən və onun tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması, istifadə vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri élan olundu.

Məlum oldu ki, bu sahədə dövlət büdcəsinin mənimsənilməsi, eyni zamanda vergidən yayınma halları mövcuddur. Söhbət mənimsənilmə və vergidən yayınma ilə bağlı 100 minlərlə manatdan gedir. Mən hələ hesab edirəm ki, bu, kifayət qədər dəqiq rəqəm deyil. Onu da qeyd edim ki, Hesablama Palatası Milli Məclisin nəzdində yaradılan bir qurumdur və o, bizə hesabat verir. Onların fikirlərinə və tərtib etdikləri aktlara uyğun olaraq mən fikirlərimi bildirmişəm ki, əgər həqiqətən də belə hallar varsa, onda 2002-ci ilin 22 yanvar tarixli Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyim məlum qərarında dəyişiklik edilməsi məqsədəuyğundur”.

Deputat təklif etdiyi dəyişikliklə bağlı fikirlərinə də aydınlıq gətirdi: “Mən təklif etmişəm ki, kommunal xərclərin, yəni güzəştlərin müavinətlə əvəz olunması ilə bağlı dövlət tərəfindən ayrılmış kommunal xərclər icra strukturları tərəfindən deyil, dövlət tərəfindən ayrılmış həmin kommunal xərclərə yönələn pulların hər bir qaçqın və məcburi köçkün ailəsinə nəğd verilməsi, yaxud da kartlarına ödənilməsi ilə həyata keçirilsin. Belə olan halda digər icra strukturları tərəfindən korrupsiyaya meyillilik və korrupsiya hallarının aradan qaldırılmasına xidmət etmiş olarıq.

Belə olan halda dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, vergidən yayınması halları olmayacaq”. “Qaçqınkom” sədrinin “Hesablama Palatasının sənədində yeyinti ifadəsi yoxdur” sözlərinə gəldikdə, Ç.Qənizadə bunları söylədi: “Hesablama Palatasının açıqlamasında qeyd olunub ki, qaçqın və məcburi köçkünlərin müəyyən kommunal ödəmələri ilə bağlı bəzi kateqoriyalar arasında ziddiyyətlər və say fərqi var. Məsələn, məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödəniş aparılmış say, həmçinin enerji ödəmələri sayı arasında fərq var. Belə yoxlamalar zamanı 283 min mant büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkar olunub. Bu isə ümumilikdə təqribən yarım milyondan yuxarı vəsaitdir. Bu, bir neçə fakt üzrə olan rəqəmdir. Qeyd edim ki, Dövlət Komitəsi ilə bağlı fikirlərim məhz Milli Məclisin nəzdində yaradılmış Hesablama Palatasının açıqlamasına uyğun olaraq açıqlanıb. Mən və həmkarım Hikmət Babaoğlu da bu məsələyə öz münasibətimizi bildirərkən fikirlərimiz üst-üstə düşüb. Hər ikimiz bu fikirdə olmuşuq ki, belə olan halda ayrılan vəsaitlərin qaçqın və məcburi köçkün ailələrinə verilməsi məqsədəuyğundur”.

Ç.Qənizadə qeyd etdi ki, onu guya qaçqınların və məcburi köçkünlərin statusunun ləğv olunmasına yönəlik cəhdlərdə günahlandırmağa çalışanlar parlamentin 7 dekabr tarixli iclasında səsləndirdiyi fikirlərə diqqət yetirsələr, yaxşı olar: “Mən orada bəzi xidmət sahələrinə və strukturlara dövlət büdcəsindən ayrılmış vəsaitlərin daha çox qaçqın və məcburi köçkünlərə ayrılmasının tərəfdarı olduğunu bildirmişəm. Qeyd etmişəm ki, biz hansısa idman meydançalarının, idman zallarının və digər obyektlərin tikintisini saxlamaqla bu gün hələ ki, evlə təmin olunmamış 9 min qaçqın və məcburi köçkün ailəsinin mənzil problemlərinin yaxşılaşdırılması istiqamətində addım atmalıyıq. Yəni digər sahələrdən müəyyən qədər ayırmalar edərək, qaçqın və məcburi köçkünlərimizin mənzil probleminin həllinə yönələn siyasəti davam etdirməliyik.

Əslində qaçqınlar və məcburi köçkünlər mənimçün doğma, əziz insanlardır. Onların arasında mənim kifayət qədər qohumlarım, dostlarım, ümumiyyətlə ailəvi ünsiyyət etdiyimiz insanlar var və mən onların vəziyyətini bilirəm. Amma nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim kimi, o ayırmalar müəyyən icra strukturları tərəfindən on illərdir həyata keçirilir. Son 2-3 ildə yüz minlərlə manat vəsaitin mənimsənilməsi faktları Hesablama Palatası tərəfindən fakt kimi ortaya qoyulub və sənədləşdirilib. Oda təbii ki, mən də bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq hesab edirəm ki, bu vəsaitlərin həqiqətən də artıq mərkəzləşmiş qaydada deyil, hər bir qaçqın və məcburi köçkün ailəsinə nağd şəkildə, yaxud kartlarına ödəməklə həyata keçirmək daha uyğun olar. Bununla digər korrupsiya hallarının qarşısını almış olarıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti