Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyev anılıb

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyev anılıb
  10 Dekabr 2016    Oxunub:3070
Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər.



Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, illər keçdikcə, zaman ötdükcə bütün Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin, əsasının və təməlinin ulu öndər Heydər Əliyevlə bağlı olduğunu daha dərindən dərk edirik. Bu gün biz növbəti dəfə - hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilmiş, xalqımızın əbədiyaşar ümummilli lideri zirvəsinə yüksəlmiş fenomenal şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın tarixi taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyir, tam məsuliyyət hissi ilə anlayırıq ki, məhz onun müdrikliyi və uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyəti müstəqil Azərbaycan Respublikasının mövcudluğunu və inkişafını reallığa çevirib.

Biz prokurorluq işçiləri də bütün Azərbaycan xalqı kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirərkən onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salmaqla əziz və unudulmaz xatirəsini ehtiramla yad edir, gördüyü möhtəşəm işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirik.

Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunmuş və elə bir iz qoymuşdur ki, ölkəmiz özünün bu dahi rəhbəri ilə daim fəxr edəcəkdir. O, hər zaman - həm sovetlər dönəmində, həm müstəqillik dövründə xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmli fəaliyyət göstərmişdir ki, Azərbaycan xalqı onu özünün həmişəlik ümummilli lideri seçmiş, xalqla birdəfəlik bütövləşərək vətəndaşların ürəyində və qəlbində əbədi yer tutub.

Xalqımızın itirmiş olduğu və uzun müddət ərzində həsrətini çəkdiyi dövlət müstəqilliyinin bərpa edilərək qorunub saxlanması, milli dövlətçiliyimizin qurulması və inkişafı naminə ulu öndərin apardığı qətiyyətli mübarizə və qazandığı qələbələr danılmaz bir həqiqətdir. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xilaskarlıq missiyasını fədakarlıqla öz üzərinə götürən Heydər Əliyev həyata keçirdiyi böyük quruculuq işləri, strateji inkişafa zəmin yaradan dövlətçilik konsepsiyasının hazırlanması nəticəsində bütün dünya azərbaycanlılarının fəxri və ümid yeri, vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etməyə qadir olan hüquqi, dünyəvi dövlətin möhkəm təməlinin yaradılmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına nail ola bilib.

Diqqətə çatdırılıb ki, ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirib.

Bildirilib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarıb.

Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, o cümlədən azərbacançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olmuş, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.
Xüsusi qeyd edilib ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərən ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olub.

O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə diqqət və qayğısını əsirgəməmişdir. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Prokurorluğunun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratdıb.

Cənab İlham Əliyevin 2003-cü ildən etibarən Dövlət başçısı kimi fəaliyyəti Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülüb.

Orduya, silahlı qüvvələrə, ölkənin hərbi müdafiəsinə dövlət başçısı cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasında inamlı yer tutaraq erməni silahlı qüvvələri ilə təmas xəttində - cəbhədə həyata keçirilən, ərazilərimizin bir hissəsinin qəsbkarlardan azad olunması, vətəndaşlarımızın düşmən təhdidlərindən qorunması üzrə cari ilin aprel ayında aparılmış müdafiə tədbirləri, ordumuzun irəliləyərək qazandığı zəfərlər, əsgərlərimizin göstərdiyi şücaət və qəhrəmanlıq xalqımızın və dövlətimizin, Ali Baş Komandanımızın tarixə qızıl hərflərlə həmişəlik həkk olunan böyük qələbəsi olmuşdur. Bu qələbə ordumuzun qüdrətini, gücünü və məharətini göstərməklə, onun istənilən zaman ərazilərimizi erməni qəsbkarlarından tam azad etməyə, vətənimizi istənilən düşmən həmləsindən müdafiə etməyə qadir olduğunu göstərib.

Əsas etibarı ilə arxada qalmış 2016-cı il respublikamız üçün yeni mərhələ sosial-iqtisadi islahatların həyata keçirilməsi, ordumuzun şanlı zəfər və qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, “Formula-1”, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq təşəbbüslərə, Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına ev sahibliyi etməsi, idmançılarımızın Rio Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanması ilə yanaşı ilk növbədə Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı sentyabr ayının 26-da keçirilmiş mühüm ictimai-siyasi tədbir, ümumxalq səsverməsi – referendumla əlamətdar olaraq tarixə düşüb.

Referenduma çıxarılmaqla Konstitusiyaya edilən dəyişikliklər zərurətdən irəli gələrək ölkədə ictimai münasibətlərin sürətli inkişafı nəticəsində yaranmış sosial tələbat olaraq meydana çıxıbr. Bu dəyişikliklər respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olmaqla ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edəcəkdir.

Referendumla Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi prosesləri daha da sürətlənərək ölkənin perspektiv inkişaf hədəflərinin və istiqamətlərinin müəyyənləşdirməsi, onların gerçəkləşdirilməsinin təmin edilməsi üzrə çox mühüm işlər görülür. Bunun bariz nümunəsi kimi dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə iqtisadiyyatın strateji yol xəritələri təsdiq edilmişdir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəfi özündə ehtiva edir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” filmi nümayiş etdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti