Bakının istilik problemi bitmir: `Soyuqdan donuruq...`

Bakının istilik problemi bitmir: `Soyuqdan donuruq...`
  12 Dekabr 2016    Oxunub:2577
Bakının Nərimanov, Nizami, Suraxanı rayonlarının sakinləri istilik sistemindən narazıdırlar. Onların sözlərinə görə, soyuq, şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, mənzillərə verilən istilik yox dərəcəsindədir.

Sakinlər mənzilləri qızdırmaq üçün kondisionerlərdən, elektrik plitələrindən istifadə etdiklərini deyirlər: “İstiliyin temperaturu çox aşağıdır. Evləri qızdıra bilmirik. Dəfələrlə müraciət etmişik. Deyirlər ki, narahat olmayın, araşdırılacaq. Amma hələ də gəlib baxan yoxdur. Gecələr evdə soyuqdan donuruq. Məcbur qalıb kondisionerdən istifadə edirik”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məsələyə münasibət bildirib. ASC rəsmisi AzVision.az-a bildirib ki, qazanxanalar ətraf mühitin temperaturundan asılı olaraq qrafiklə işləyir.

“Hansısa məhəllə və rayonun ərazisində istiliyin temperaturunun aşağı olması haqda kütləvi şikayət yoxdur. Bu, ancaq hansısa binada ola bilər. Bu da binadaxili problemlə bağlıdır. Bəzi yerlərdə qazın təzyiqi aşağı düşür. Bu zaman “Azəriqaz”a müraciət edirik, tənzimləmə işləri aparılır”.

R.Əliyev istiliyin aşağı olması ilə bağlı “Çağrı mərkəzi”nə kifayət qədər zənglərin daxil olduğunu və problemlərin əsasən bina daxilindən qaynaqlandığını vurğulayıb.

ASC nümayəndəsi daha sonra isti suyun qiymətinin artması ilə bağlı məsələyə aydınlıq gətirib.

“İstilik enerjisinin tarifləri tənzimlənən xidmətlər sırasından çıxarılmır. Sadəcə isti su tarifləri tənzimlənən xidmətlər sırasından çıxarılır. Burada hamamda və mətbəxdə işlədilən isti sudan söhbət gedir. Respublika ərazisində isti su alan binaların sayı cəmi 2 faizdir, 255 binaya isti su verilir. İsti suyun tənzimlənən xidmətlər sırasından çıxması hələ qiymətlərin artırılacağı demək deyil”.

R.Əliyev hazırda bütün binaların isti su ilə təchiz olunmasının mümkün olmadığını deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti