`Arif Hacılı Müsavatın adına ləkədir` - Yeni qalmaqal

`Arif Hacılı Müsavatın adına ləkədir` - Yeni qalmaqal
  16 Dekabr 2016    Oxunub:3385
Müsavat başqanı Arif Hacılı ilə partiyadan gedənlər arasında yeni qalmaqal baş qaldırıb. Hacılı “Facebook” hesabından müsavatçılara müraciət edərək bildirib ki, dönüklərlə bütün əlaqələri kəssinlər:

“Bizə dönük çıxıb getmiş adamların yazılarına dəstək verməyi, xeyir işlərində yanlarında olmağı, barələrində təriflər yazmağı tərgidin. Nəzərə alın ki, bu yolla dönüklüyə stimul verirsiniz”.



Hacılının sözləri qarşı tərəfi - Qubad İbadoğlu cəbhəsini hiddətləndirib. Eks-Müsavatçılar Hacılının ünvanına ittihamlar səsləndirərək onun Müsavat adına ləkə olduğunu vurğulayıblar.



Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy AzVision.az-a deyib ki, o, Arif Hacılını siyasətçi hesab etmir.

“Müsavatın qurultayından 2 il 2 ay ötür. Arif Hacılı ən böyük məqsədinə çatıb. Özünü guya Müsvat başqanı hesab edir. Müsavat Partiyasının gücü göz qabağındadır. Müsavat adi bir dərnəkdir. Hacılı da bu dərnəyə rəhbərlik edir. O, Müsavat partiyasını bərbad hala salıb. Hazırda partiyada təmsil olunan yaxın dostlarımız var. Onlar hələ də abırlarına qısılıb, partiyada qalırlar. Açıq şəkildə deyirlər ki, bura partiya deyil, Hacılının başqan olması oranı darmadağın edib. Bu, əvvəldən bəlli idi. Arif Hacılını siyasi piyasaya soxanlar düşünsünlər ki, belə qeyri-ciddi bir adamı partiyanın başına gətirməklə Müsavatı dağıdırlar”.



S.Əliyev daha sonra deyib: “Hacılının müsavatçıları dönüklərlə münasibət qurmamağa çağırması onun içində baş qaldıran yanğından irəli gəlir. Hazırda onun paxıllıqdan içi yanır. Saxta yolla partiya başqanı seçilən bu şəxs ciddi siyasi uğur əldə etməyib. Onun bütün fəaliyyəti oyun, özü isə oyuncaq fiqurdur. Bunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Hacılı artıq bitib, sadəcə etiraf etməyə cəsarəti yoxdur. O, başına yığdığı dəstə ilə partiyadan getsə, Müsavata ən böyük xidməti göstərmiş olacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti