Neftçilərin axtarışı davam edir - 3 helikopter, 6 gəmi ilə

Neftçilərin axtarışı davam edir - 3 helikopter, 6 gəmi ilə
  17 Dekabr 2016    Oxunub:2881
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsindəki estakadanın bir hissəsinin dənizə düşməsi nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.

"Azneft" İB-də yaradılan qərargahdan AzVision.az-a bildirilib ki, hal-hazırda Fövqəladə Hallar Nazirliyinə məxsus 1 ədəd helikopter səhər saatlarında axtarışlara başlayıb.

Həmçinin qeyd edilib ki, axtarış işlərinə 6 gəmi cəlb olunub: “Yaxın dəqiqələrdə Dövlət Sərhəd Xidmətinə məxsus 2 helikopter də axtarışa cəlb olunacaq. Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar dalğıc gəmiləri axtarış apara bilmir. Hava şəraiti imkan verdikdə onlar da axtarış işlərinə qoşulacaqlar. Axtarışların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz – operator

Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin operatoru, 1958-ci il təvəllüdlü Bakı şəhəri Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb və aidiyyatı üzrə təhvil verilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti