Ceyran oğruları tapıldı - Nazirliyin məlumatı

Ceyran oğruları tapıldı - Nazirliyin məlumatı
  25 Dekabr 2016    Oxunub:3431
Ötən gün Salyan rayon Polis Şöbəsi əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyani sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub.

İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.

Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Məlumat üçün bildiririk ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübəhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti