Prezident xanımı ilə ağac əkdi - Fotolar

  26 Dekabr 2016    Oxunub : 8861
Prezident xanımı ilə ağac əkdi - Fotolar
Bu gün Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb. Yolun inşası Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin “Paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı” əsasında aparılıb.



Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Asfalt-beton örtüklü yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Tikinti işlərindən sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar. paytaxtın Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlətimizin başçısının imzaladığı Sərəncama uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan işlər yüksək keyfiyyətlə yerinə yetirilib. Əhali arasında “Südçülük savxozu”na gedən yol kimi tanınan bu küçə uzun müddət təmir olunmadığı üçün onun hərəkət hissəsi yararsız vəziyyətə düşmüşdü. Uzunluğu 4,5 kilometr olan küçənin həm də ensiz olması nəqliyyat vasitələrinin xüsusən də payız-qış mövsümündə hərəkəti üçün xeyli çətinliklər yaradırdı. Artıq bu problem tam aradan qaldırılıb. Dövlətimizin başçısı Əli İsazadə küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.



“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyunca səkilər tikilib. Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb. Yenidənqurma çərçivəsində kommunikasiya xətləri kənara köçürülüb, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyunca zəruri yerlərdə 17 yol nişanı quraşdırılıb, yol-cizgi və göstərici xətlər çəkilib.



Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsdi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər. Keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Bu ərazi əvvəllər zavodun istismarı zamanı sürtkü və kimyəvi maddələrlə yararsız vəziyyətə düşmüşdü. İnşaat işləri zamanı ərazi illərlə qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib, genişmiqyaslı abadlıq işləri aparılıb. Prezident İlham Əliyev istirahət parkının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı və xanımı parkda yaradılan şəraitlə tanış oldular.



Parkın tikintisini “İlk inşaat“ şirkəti həyata keçirib. Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb. Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi bu istirahət məkanında genişmiqyaslı yaşıllıq işləri də həyata keçirilib. Parkın ümumi ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növləri var. İstirahət parkının yaşıllaşdırma konsepsiyasında ilin fəsilləri nəzərə alınıb. Bu məkanın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əsasən İtaliyadan gətirilmiş bitki və ağaclara üstünlük verilib. Buradakı yaşıllıqların suvarılması üçün müasir drenaj sistemi yaradılıb, 20 kilometrdən çox boru-damcı suvarma və 1000-ə yaxın çiləyici vasitə quraşdırılıb.



Ərazidə 4 müxtəlif istirahət zonası salınıb. Parkdakı idman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Parkda uşaqlar üçün də xüsusi zonalar quraşdırılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. İstirahət parkının ərazisində fəvvarə və ümumi sahəsi 2200 kvadratmetrə yaxın 3 göl yaradılıb. Göllərin yaradılmasında müasir texnologiya və avadanlıqdan istifadə edilib. Parkda sintetik örtüklə təchiz edilmiş buz meydançası da var. İlin bütün fəsillərində fəaliyyət göstərəcək meydançanın ümumi sahəsi 2130 kvadratmetrdir.



İstirahət parkı müasir mühəndislik, işıqlandlrma və infrastrukturun bir mərkəzdən idarəolunma və təhlükəsizlik kameraları ilə təchiz edilib. Ümumilikdə, bu parkın inşası ilə Heydər Əliyev Mərkəzi və Təbriz küçəsi arasında olan ərazinin vətəndaşlarımızın mənalı istirahəti üçün abadlaşdırılması layihəsi tam yekunlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına ötən müddətdə görülən işlər barədə məlumat veriblər.



Qeyd olunub ki, burada mükəmməl infrastruktur formalaşdırılıb. Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur.



Dövlət başçısına məlumat verilib ki, “Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. Ümumilikdə, burada 63 çoxsaylı kəsişən yolun təmiri və asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Bildirildi ki, “Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb. Dövlət başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar.



Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində aparılan abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə ətraflı məlumat verilib. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV artıq sakinlərin istifadəsinə verilib. Dövlətimizin başçısının siyasətinə uyğun olaraq, insan amili, soydaşlarımızın ən yüksək standartlar səviyyəsində yaşayışı və istirahəti bu layihənin başlıca məramıdır.



Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verildi. Buradakı binaların üzərində xüsusi dizaynlı ad lövhələri, klassik üslublu saat, küçələrin adlarının piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin “Ağ Şəhər” haqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif növ ağaclar və həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.



Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar. “Sahil 14” və “SETA” MTK yaşayış kompleksləri arasındakı bu xudmani yaşıllıq məkanı kvartalın bənzərsiz memarlıq üslubunu üzvi şəkildə tamamlayır. Avtonəqliyyat vasitələrindən azad ərazi sakinlərin rahatlığı və istirahəti üçün işıqlandırma sistemi, velosiped dayanacaqları, küçə mebelləri ilə təmin olunub, buradakı yaşıllıqlar göz oxşayır. 1-ci Yaşıl Ada küçəsindəki yeni yol da müasirliyi ilə diqqəti çəkir. Burada “Müşahidəçi 2” daş heykəli qoyulub. Xatırladaq ki, “Müşahidəçi 1” daş heykəli 2016-cı ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Daşın Nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunub. “Müşahidəçi 2” heykəli “Bakı Ağ Şəhər”in inkişafını və buradakı dəyişiklikləri müşahidə edən insan anlamı daşıyır. Heykəlin yaxınlığında yerləşdirilən günəş enerjisini elektrik enerjisinə çevirən dizayner skamyası elektron cihazlar üçün nəzərdə tutulub. Bu da “Bakı Ağ Şəhər”də ətraf mühit məsələlərinə maksimum diqqət yetirilməsinin əyani nümunələrindən biridir.



Sonra Prezident İlham Əliyev və xanımı Mehriban ƏliyevaBakı Ağ Şəhər” ərazində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar. Qeyd edilib ki, şəhərin qədim və iri parklarından olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi aparılır. Park rayonunda 20 mərtəbəli binalar inşa olunur, yeni istinad divarı tikilir. “Bakı Ağ Şəhər” layihəsi dünyada iqtisadi və maliyyə böhranının tüğyan etdiyi indiki dövrdə Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin və insan amilinin əsas meyarlardan biri olmasının əyani təcəssümüdür. Mərkəzi Bulvar küçəsində də tikinti işləri davam edir. Eni 37 metr, uzunluğu isə 2 kilometr olan bu yol “Bakı Ağ Şəhər”in mərkəzi ilə kəsişir və layihənin bir neçə rayonlarını birləşdirir.



Dövlət başçısına məlumat verildi ki, burada “Ağ Şəhər”in Mərkəzi Park Rayonu salınacaq. Yaşayış binaları və biznes mərkəzindən ibarət rayonun adı burada salınacaq böyük parkdan qaynaqlanır. “Ağ Şəhər”in şimal hissəsindəki Babək rayonunda da inşaat işləri səngimir. Müasir üslublu evlərdən ibarət həmin rayonda yeni meydan tikilir. Bildirildi ki, modern dizaynlı meydan “Ağ Şəhər”in Babək prospektindən eni 37 metr, hər iki istiqamətdə üçzolaqlı avtomobil yolları, geniş və yaşıllaşdırılmış piyada səkilərindən ibarət girişi olacaq. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban ƏliyevaBakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.



Dövlət başçına məlumat verilib ki, Fəvvarələr Meydanının sahəsi keçmiş “Qara Şəhər”in ən çox çirklənmiş ərazilərindən biri sayılırdı. Yeddi mərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai avtodayanacaq və piyada keçidindən ibarət olacaq bu kvartalda hazırda tikinti işləri gedir. Yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik yeraltı avtodayanacaq tikiləcək. Fəvvarələr Meydanında layihələndirilən park və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə birbaşa “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik yolu gedib-gələ biləcəklər. Bildirildi ki, Nobel prospekti boyunca Fəvvarələr Meydanının “ləndmark”ı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. “Ağ Şəhər”də salınan metro stansiyalarından birinin çıxışı da məhz bu ofis kompleksinin yerləşdiyi ərazidə olacaq.



Sonra Prezident İlham ƏliyevBakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkiblər.Təməli beş il əvvəl qoyulan “Bakı Ağ Şəhər”də ötən müddətdə böyük həcmdə işlər görülüb və tikinti-quraşdırma tədbirləri davam edir, dünyadakı müasir şəhərsalma tendensiyasını maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” meqalayihəsi uğurla reallaşdırılır. Təməlqoyma mərasimindən sonda xatirə şəkili çəkdirilib.

AzVision.az

Teqlər: