Komitə qadınlar üçün bu il hansı işləri görüb?

Komitə qadınlar üçün bu il hansı işləri görüb?
  26 Dekabr 2016    Oxunub:3635
“Azərbaycanda qadınları kiçik və orta sahibkarlıq fəaliyyətinə yönəltmək bizim əsas məqsədimizdir”
Bu barədə AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. Komitə rəsmisi qeyd edib ki, bu istiqamətdə komitə bir sıra tədbirləri həyata keçirir və layihələr nəticəsində Sabirabad, Neftçala və Masallıda böyük işlər görülüb.

“Qadın siyasətində bu il iki prioritet məsələ olub: kənd yerlərində qadınların sosial və iqtisadi həyatda iştirakçılığının artırılması və məişət zorakılığının qarşısının alınması istiqamətində işlərin aparılması. Dünyada gedən iqtisadi böhran hər bir ölkəyə özünəməxsus təsir göstərib və Azərbaycan da bu təsirdən yan keçməyib. Bu gün kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi qarşıda dayanan məsələlərdəndir. Sözsüz ki, Azərbaycan qadınlarının bu sahədə fəallığının artırılması vacibdir. Bu, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Digər tərəfdən düşünürük ki, iqtisadi cəhətdən güclənmiş, iqtisadi hüquqlarını qoruya bilən qadın daha az məişət zorakılığına məruz qalır, daha çox özünü ifadə edə bilir, özünə inam hissi artır”.

A.Veysəlova qeyd edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində komitə tərəfindən pilot layihə çərçivəsində Məlumat Bankı yaradılıb. “Məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır. Araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldirik, xüsusilə regionlarda, hətta kəndlərdə seminarlar, görüşlər, forumlar keçiririk. Eyni zamanda, bu sahədə dövlət qurumları ilə birgə işin aparılması çox effektiv nəticələr verir. Nümunə üçün deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə memorandum imzalayıb. Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısınin alnması ilə bağlı 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub və işçi qrupunun ilk iclası keçirilib”.

Komitə rəsmisi, həmçinin bildirib ki, hər il ailə, qadın və uşaq dövlət siyasətinin həyata keçirilməsi istiqamətində müəyyən hədəflər var və burada əsas güc maarifləndirmə işlərinə verilir. “Komitəmiz tərəfindən ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsi istiqamətində çox böyük işlər aparılıb. Çalışırıq ki, nümunə göstərdiyimiz Azərbaycan ailə modelini qoruyub saxlayaq. Bunun üçün maarifləndirici işlər həyata keçirilir.

Uşaq məsələlərinə gəlincə, komitə rəsmisi qeyd edib ki, uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması vacib məqamlardandır. “Onlar öz həmyaşıdlarının çətin vəziyyətlərini anlaya bilsinlər. Bizim bu sahədə il ərzində müxtəlif təlimlərimiz olub, müxtəlif treyninqlər keçirmişik. Eyni zamanda təhsildən yayınmasının, erkən nikahların qarşısını almaq, bu il üçün proritet məsələ olub. Bu sahədə müsbət nəticələrin əldə edilməsi bizə gələn il bu tədbirlərin daha dərinləşdirilmiş formada keçirilməsinə imkan verir. Ötən illərlə müqayisədə erkən nikahlarda azalma var. Son illərdə erkən nikah faktı cinayət işinin açılması təqdirəlayiq prosesdir”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti