`Tağı Əhmədov nazirin tələbi ilə dinlənilib`- General

`Tağı Əhmədov nazirin tələbi ilə dinlənilib`- General
  28 Dekabr 2016    Oxunub:4800
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, prosesdə MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi Teymur Quliyev ifadə verib. O, heç bir qanun pozuntusuna yol vermədiyini, təlimata uyğun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, nazirin imzaladığı tələbnaməyə əsasən, telefon nömrələri dinlənilib: "Bizim idarənin hər hansı məhkəmə qərarı tələb etmək ixtiyarı olmayıb. Bir çox dövlət qurumu - Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib. Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib".

İclasda Akif Çovdarov da bununla bağlı arayış verib. Bildirib ki, baş prokurorun 1-ci müavini Rüstəm Usubov bəzi cinayət işlərinin araşdırılması üçün onlara müraciət edib. Həmin müraciət əsasında nazir tələbnamə yazıb. Buna əsasən həmin şəxslərin telefonlarının dinlənilməsi Monitorinq Mərkəzinə tapşırılıb.

Daha sonra iclasda A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev şahid qismində ifadə verib. O bildirib ki, ötən məhkəmə iclasında ifadə verdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətindəki işindən azad edilib. O, Tağı Əhmədovun epizodu üzrə ifadə verib. İttihama əsasən, T. Əhmədovun oğlu və qardaşı oğlu A. Çovdarova pul verən zaman N. Atakişiyev də orada olub. Lakin N. Atakişiyev bunu təkzib edib. Bildirib ki, istintaq zamanı T. Əhmədovun qardaşı oğlu ilə üzləşmə olub və bu zaman həmin şəxs onu tanımayıb. O bildirib ki, onların A. Çovdarova pul vermək məsələsi yalandır.

Proses yanvarın 9-da davam edəcək.

Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Hazırda Sabunçu Rayon Məhkəməsində, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Digər şəxslərin barələrində istintaq hərəkətləri davam etdirilir.

Bundan başqa, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və bir neçə şəxsin cinayət işi isə ayrıca icraata verilib. Hazırda onların istintaqı davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti