Ter-Petrosyan Qarabağın qaytarılmasını istəyir

Ter-Petrosyan Qarabağın qaytarılmasını istəyir
  29 Dekabr 2016    Oxunub:12108
Ermənistanın ilk prezidenti, "Ermənistan Milli Konqresi" partiyasının sədri Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək.

Onun sözlərinə görə, 2007-ci ildən etibarən Ermənistan bu planla bağlı danışıqlar aparır: "Danışıqlarda əsas tərəf ATƏT və Rusiyadır: “Belə çıxır ki, bizi tənqid edənlər əslində öz planlarını tənqid edirlər”.

Ter-Petrosyan danışıqlar masasında olan konkret proqramla bağlı fikrilərini ifadə edib: “İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq.

4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. Beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla Azərbaycana qalan 2 rayon qaytarılacaq”.

Levon Ter-Petrosyanın fikirlərini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini indiki kimi saxlaması çox müşkül məsələyə çevrilib: "Ermənistanın güzəştsiz siyasət yürütməsinin limitinin tükəndiyini həm hakimiyyət, həm müxalifət, həm də vətəndaşlar daha çox dərk etməyə başlayıb. Xüsusilə Sülh Platforması elan edildikdən sonra onun sıralarının erməni ziyalıları hesabına genişlənməsi rəsmi İrəvanı qorxuya salmağa başlayıb. Bu gün Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkə rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu səhv siyasətinə görə kəskin şəkildə tənqid edir. Eyni zamanda Ter-Petrosyan son çıxışlarının birində hətta Azərbaycan prezidenti İlham Əliyev haqqında müsbət fikirlər səsləndirib. Bildirib ki, ölkə başçı ötən müddət ərzində öz dövlətinin möhkəmlənməsi istiqamətində çox qətiyyətli addımlar atıb. Hansı ki, bu addımlar Ermənistan rəhbərliyi tərəfindən atılmır. Belə olan təqdirdə, həm sabiq prezident Levon Ter-Petrosyanın, həm də digər siyasətçilərin dilindən belə fikirlər səslənməkdədir ki, nəhayət münaqişəni kompromislər əsasında həll etməyin zamanı yetişib.



Xüsusilə Ter-Petrosyan mərhələli həll varinatını müdafiə edir. Əslində o, hələ 1998-ci ildə də qeyd etmişdi ki, münaqişəni mərhələli həll varianatı ilə nizamlamaq lazımdır və Azərbaycan indi buna razılıq verir. Biz bu şansdan istifadə etməsək, Azərbaycan gələcəkdə indiki şərtlərdən belə imtina edə bilər. Çünki, Azərbaycanın mövqeləri gücləndikcə bunun belə olacağı şübhəsizdir. Yəni, o hələ 1998-ci ildə bu barədə xəbərdarlıq etmişdi. Ter-Petrosyan indi faktiki olaraq həmin vəziyyətin getdikcə yaxınlaşdığının fərqindədir. Bu səbəbdən o, mərhələli həll varinatını qətiyyətlə müdafiə edir".

E.Nəsirovun sözlərinə görə, Ermənistan cəmiyyətində münaqişənin həlli ilə bağlı yumuşalmanın kökündə dayanan bir sıra məsələlər var: "Bu, ondan ibarətdir ki, Serj Sarkisyan və komandası sadəcə varlanmaq üçün hakimiyyətini qoruyub saxlayır. Onu qətiyən xalqın mənafeyi, sosial durumu narahat etmir. Münaqişədən öz cinayətkar əməllərini ört-basdır etmək üçün istifadə edirlər. Bu gün onları narahat edən məqam odur ki, artıq münaqişənin həlli ilə bağlı prosesdə həmsədr dövlətlərin mövqeyində dəyişiklik olması tendensiyası artıb. Buna səbəb odur ki, əgər ABŞ-da Barak Obama prezident olduğu müddətdə ABŞ-Rusiya münasibətləri gərgin idisə və bundan yana onlar həmsədr kimi müanqişənin həllində qətiyyət göstərə bilmirdilərsə, yeni seçilmiş prezident Donald Trampın Rusiya ilə daha loyal münasibətdə olacağı indidən proqnozlaşdırılandır. Bu iki dövlətin münasibətləri yaxşı olanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni imkanlar açıla bilir. Biz 2017-ci ildə bunu şahidi ola bilərik.

Bundan başqa 2017-ci ilin yazında Fransada prezident seçkiləri keçiriləcək. Orada respublikaçı, sağ təmayüllü Fransua Fiyonun hakimiyyətə gəlməsi real görünür. Çünki, onun mövqeyi kifayət qədər güclüdür. O, da sağ qüvvələrin təmsilçisidir. Nikole Sarkozinin partiyasının davamçısı hesab olunur. Sarkozi də vaxtilə Rusiya və ABŞ-la birlikdə münaqişədə status-kvo vəziyyətinin qəbuledilməzliyini ifadə etmişdi. Fiyon hakimiyyətə gələrsə, status-kvonun qəbuledilməzliyi ilə bağlı Fransanın mövqeyi yenidən irəli sürülə bilər”.

Politoloq hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması artıq münaqişənin həlli imkanlarına köməklik göstərə bilər: “Bütün bunlar nəticə etibarı ilə 2017-ci ildə münaqişənin həlli ilə bağlı yeni mənzərə yarada bilər. Bu mənzərə Ermənistanın ziyanınadır. Bütün bunları hesabladıqda bu qənatə gəlmək olar ki, Ermənistanın mövqeləri günü-gündən zəifləməkdədir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində də mövqeləri çox ciddi sarsıntılarla üz-üzə dayanıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti