Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış-izləmə sistemlərinin quraşdırıldığını vurğulayan ARDDA-nın rəisi Qüdrət Qurbanov hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini deyib. O vurğulayıb ki, axtarış-xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaratmağa daim hazırdır.
İtkin düşən neftçilərin ailə üzvləri "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi oldular.
Neftçilərin ailə üzvləri axtarış əməliyyatlarının gedişatını mütəxəssislərlə birgə izləyib.
AzVision.az