Sahibkarlara şad xəbər - Borclar silinəcək

Sahibkarlara şad xəbər - Borclar silinəcək
  30 Dekabr 2016    Oxunub:4257
Azərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək.
AzVision.az xəbər verir ki, "Vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun" layihəsi bu gün Milli Məclisin plenar iclasında təsdiq olunub.

Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il yanvarın 1-i tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək.

Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Məcəllənin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyları üzrə 2017-ci il yanvarın 1-nə yaranmış vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.

Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək;

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək;

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə - maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək.

Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Qeyd edək ki, qanun layihəsi 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti