Ötən il 1800 müəllim ucqar kəndlərə təyinat alıb

Ötən il 1800 müəllim ucqar kəndlərə təyinat alıb
  05 Yanvar 2017    Oxunub:2216
2016-ci ildə 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında qeyd olunub.

Məlumatda bildirilib ki, ötən il məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Bundan əlavə ötən il respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.

Məlumatda qeyd edilib ki, 2016-ci ildı ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub.
Ötən il ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.

Bu il Fransız-Azərbaycan Universitetində(UFAZ) tədrisə başlanılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.

700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən seçilmiş 10 nəfər SABAH tələbəsi Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib.

2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. İlk kreditlər fondun meyarlarına cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.

Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti