Həmməruzəçilər Milli Məclisdə olub

Həmməruzəçilər Milli Məclisdə olub
  12 Yanvar 2017    Oxunub:1273
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar.
AzVision.az xəbər verir ki, həmməruzəçilər Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüblər. Bahar Muradova bildirib ki, Azərbaycan AŞPA-nın bərabərhüquqlu üzvü kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirməyə çalışıb və bu təşkilatla əməkdaşlığa üstünlük verib, onun tövsiyələrinə diqqətlə yanaşıb. Azərbaycan AŞPA ilə əməkdaşlığa üstünlük verir, insan hüquqları, demokratik cəmiyyət quruculuğu, vətəndaş rifahının əldə olunması üçün atılan addımları yüksək qiymətləndirir.

Azərbaycanla bağlı məsələlərin AŞPA-da çox müzakirə olunduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, artıq münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. O vurğulayıb ki, ölkəmiz etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarını qorumaq üçün konstitusional islahatlar həyata keçirir.

Bahar Muradova insan hüquqlarının qorunması, mətbuat azadlığının təmini, vətəndaşlara xidmət sektorunun inkişaf etdirilməsi, korrupsiya ilə mübarizə istiqamətində atılan addımların önəmini qeyd edib. Ölkəmizdə keçirilən referendumun bu məsələlərin hüquqi müstəvidə daha rahat tənzimlənməsi üçün çox mühüm rol oynadığını söyləyib. O qeyd edib ki, Azərbaycan malik olduğu bütün resursların təkcə ölkəmizin yox, həm regionun, həm də üzvü olduğumuz beynəlxalq təşkilatların daha geniş çərçivədə problemlərinin həlli üçün istifadəsində maraqlıdır və bu istiqamətdə töhfə verən dövlət olduğunu sübut edib.

Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” kimi yadda qaldığını deyən Milli Məclis sədrinin müavini bildirib ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olub. Bu iki ifadə Azərbaycanın dünyada gedən proseslərdə iştirakına aydınlıq gətirir.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak səfərin məqsədindən danışıb. O, yola saldığımız ildə Azərbaycanda mühüm irəliləyişlərin baş verdiyini söyləyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan ilə bu qurum arasındakı münasibətlərin hər iki tərəf üçün vacib və əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə heyəti əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hazırdır.

S.Seyidov deyib ki, hazırda Avropa və dünya üçün mürəkkəb dövrdür. Qonşu ölkələrdə baş verən faciəvi hadisələr, terror aktları, Ermənistanın Azərbaycana qarşı təxribatları, ümumiyyətlə, regionda gedən proseslər bizi və Avropa Şurasını narahat edən məqamlardır. Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün həm öz sabitliyi, həm Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə regionda inkişafa mühüm töhfə verir.

Nümayəndə heyətinin rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında da danışıb. O vurğulayıb ki, Avropa Şurasının və BMT-nin qərarlarına, tövsiyələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır. Həmməruzəçi Stefan Şennak ötən il ikitərəfli səylər nəticəsində Azərbaycan ilə AŞPA arasındakı münasibətlərdə vacib addımların atıldığını vurğulayıb.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə də görüşüblər. Komitə sədrinin müavini Rövşən Rzayev görüşdə qeyd edib ki, AŞPA ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq inkişaf edir və bu, hər iki tərəfin marağında olan məsələdir. O, Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, bu inkişaf yolunda AŞPA ilə əməkdaşlıq, onun təcrübələrini daha dərindən mənimsəmək bizim üçün vacibdir.

Görüşdə ötən il sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti