Regionlarda da `ASAN Kommunal` fəaliyyət göstərəcək

Regionlarda da `ASAN Kommunal` fəaliyyət göstərəcək
  16 Yanvar 2017    Oxunub:2964
“2016-cı ilin may ayında ölkə başçısı “ASAN Kommunal” xidmətin yaradılması barədə fərman imzalayıb. Qısa müddətdə “ASAN Kommunal” xidmətlərinin yaradılması üçün aidiyyatı qurumlarla birgə tədbirlər görülüb”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinun sədr müavini Ülvi Mehdiyev deyib. O bildirib ki, ötən ilin dekabr ayında ölkə başçısının iştirakı ilə "ASAN Kommunal" xidmət mərkəzinin açılışı olub və 2017-ci ilin yanvarın15-dən etibarən Bakının Binəqədi, Nərimanov və Nəsimi rayonunun sakinləri pilot layihədən istifadəyə başlayıblar.

Ülvi Mehdiyevin sözlərinə görə, ötən gün ərzində 54 paytaxt sakini “ASAN Kommunal”ın xidmətlərindən istifadə edib: ““Azərsu”, “Azərişıq”, “Azəriqaz” 45 növ kommunal xidmət üzrə vətəndaşlara xidmət edir. Burada həmçinin özəl sektor da vətəndaşlara xidmət göstərir. Belə ki, bank və sığorta xidmətləri də bu mərkəzdə fəaliyyətdədir".

Dövlət Agentliyinin sədr müavini qeyd edib ki, ümumiyyətlə, kommunal xidmətlər təkcə kommunal ödənişlərindən ibarət deyil: “Bu ödənişlər kommunal xidmətlərin bir hissəsidir və onlar ödəmə terminalları, internet vasitəsilə həyata keçirilir. Ötən il Prezident nağdsız ödənişlərlə bağlı qanunu təsdiq edib. Bu qanunun əsas mahiyyəti ondan ibarətdir ki, bütün dövlət ödənişləri, rüsumlar, cərimələr, o cümlədən kommunal ödənişlər nağdsız qaydada ödənməlidir. Bu məqsədlə yeni yaradılan xidmətdə “ASAN ödəniş” terminalları da fəaliyyət göstərir. Vətəndaşlar heç kimə yaxınlaşmadan terminallar vasitəsilə ödənişlərini edəcəklər.

“ASAN kommunal” ilk pilot layihə olaraq 1 saylı "ASAN Xidmət" mərkəzinin tərkibində fəaliyyətə başlayıb. Bundan sonra Bakı Dəmiryolu Vağzalında və Xətai rayonu, Ukrayna dairəsi ərazisində “ASAN kommunal” fəaliyyətə başlayacaq. Növbəti illərdə bu xidmət regionlarda fəaliyyətə başlayacaq. Bu il ərzində bütün Bakı sakinləri “ASAN Kommunal” xidmətindən yararlana biləcəklər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti