`Lavrov adekvat mövqe sərgiləməli idi` - Bahar Muradova

`Lavrov adekvat mövqe sərgiləməli idi` - Bahar Muradova
  19 Yanvar 2017    Oxunub:1522
“Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanları var”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirən B.Muradova deyib ki, Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Hesab edirəm ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb. Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ilk növbədə status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti