Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib
  19 Yanvar 2017    Oxunub:1509
Yanvarın 19-da Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a bildiriblər ki, əvvəlcə 20 Yanvar faciəsində Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçən və günahsız qətlə yetirilən Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ulu öndər Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu qətli törədənləri ifşa etdiyini, hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsinin daim əziz tutulması, onların ailələrinə və zərərçəkənlərə hər zaman qayğı göstərilməsi üçün mühüm qərarlar verdiyini xatırladaraq, Bakının ən görkəmli yerində ucaldılan, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs məkana və and yerinə çevrildiyini vurğulayıb. Palata sədri hər il olduğu kimi, Hesablama Palatası kollektivinin 20 Yanvar qurbanlarının Şəhidlər Xiyabanında xatirəsini ehtiramla yad edəcəyini qeyd edib.

Sonra dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair; büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyətinə dair; dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və onun struktur vahidlərinə (seçmə üsulla) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri üzrə təqdimatın icra vəziyyəti barədə həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış digər audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Kollegiyada Hesablama Palatasının iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti