Qarabağa `Böyük qayıdış` Cocuq Mərcanlıdan başlayır

Qarabağa `Böyük qayıdış` Cocuq Mərcanlıdan başlayır
  25 Yanvar 2017    Oxunub:17661
Yanvarın 24-də prezident "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Ölkə başçısının sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Millət vəkili Hikmət Babaoğlu AzVision.az-a bildirib ki, prezidentin imzaladığı sərəncam “Böyük qayıdış”a hazırlıqdır: “Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman deyib ki, biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq. Düşünürəm ki, ötən gün imzalanan sərəncam böyük qayıdışa hazırlıqdır. Aprel döyüşlərindən sonra qayıdış bizə daha da yaxındır.



Hazırda Cocuq Mərcanlı kəndində yenidən məskunlaşmanın təmin olunması üçün ilkin olaraq 4 milyon manat həcmində vəsait ayırıb. Bu kəndin bərpa olunması, sakinlərin öz ata-baba yurdlarına qayıtması təkcə bir kəndin yenidən bir kəndin məskunlaşdırılması kimi başa düşülməməlidir. Burada çox böyük mənəvi-psixoloji məsələ var. Çünki, dost da, düşmən də görür ki, Azərbaycan prezidenti hansı yolla olursa-olsun işğal olunmuş torpaqlarımızı azad edəcək və itirilmiş hər bir kənddə, hər qarış torpağımızda azərbaycanlılar yenidən məskunlaşacaqlar”.

H.Babaoğlu vurğulayıb ki, verilən bu siyasi mesaj, atılan qətiyyətli addım düşünürəm ki, işğalçı Ermənistanda da lazımı şəkildə qiymətləndiriləcək: “Onlar bir daha dərk edəcəklər ki, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcək və məcburi köçkünlərimiz orada məskunlaşacaq. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi davam etdiyi müddət ərzində ilk belə haldır. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır. Hesab edirəm ki, yeni-yeni döyüşlərdən sonra işğaldan azad edilən torpaqlarımız daha da artacaq və məskunlaşma davam edəcək”.



Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında prezident İlham Əliyevin imzaladığı sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.

“Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı”-deyə deputat vurğulayıb.



Millət vəkili Astan Şahverdiyevin fikrincə, Azərbaycan prezidenti İlham Əliyevi sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın ilk müjdəsidir.

“Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələ Təpə deyilən yüksəklikdir. Bu yüksəklik strateji yüksəklik sayılır. Strateji yüksəkliyi nədən ibarətdir? Lələ Təpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələ Təpə həm də pir, ocaq deməkdir. Möhtərəm prezidentin dünən imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə evlərin tikintisinə 4 milyon manat ayrılıb. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir.

Orada çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən orada yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da görünür insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Yəni, bu, “Böyük Qayıdış”ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Dövlət bu insanların qayğısına qalıb və qalacaq. Cəbrayıl rayonunun seçiciləri, təmsil olunduğum dairənin seçiciləri və bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm”-deyə deputat qeyd edib.



Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov isə deyib ki, azərbaycanlılar gec-tez öz torpaqlarına qayıdacaqlar: “Aprel döyüşlərindən bəri Azərbaycan ordusu Lələtəpə yüksəkliyinə nəzarət edir. Bununla da həmin əraziyə nəzarət Azərbaycan ordusuna keçib. Cocuq Mərcanlı da Cəbrayıl rayonunun həmin kəndlərindən biridir. Kənddə uzun illər idi ki, düşməndən qorxmaqdan, çəkinmədən cəmi bir ailə yaşayırdı. Cənab prezidentin bu sərəncamı bütün Azərbaycan xalqına ümidverici addım oldu. Biz o yerlərə qayıdacağıq və qayıtmağa başlayırıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti