`Korrupsiya Qavrama İndeksi`nin nəticələri şəffaf və etibarlı deyil - Kamal Cəfərov

`Korrupsiya Qavrama İndeksi`nin nəticələri şəffaf və etibarlı deyil - Kamal Cəfərov
  25 Yanvar 2017    Oxunub:4393
“Transparency International” Beynəlxalq təşkilatı illik “Korrupsiyanı Qavrama İndeksi”ni (Corruption Perceptions İndex 2016) açıqlayıb. Azərbaycan bu dəfə də İndeksdə irəliləyib.

Ölkəmizin indeksdə tutuduğu yeri AzVision.az-a Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov şərh edir:

- Ümumiyyətlə, Azərbaycanın nəticəsi bu indeksdə həmişə irəliləyir. “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2016-cı il Korrupsiya Qavrama İndeksi”-nin nəticələrinə əsasən, Azərbaycanın nəticəsi ötən illə müqayisədə artıb. Bəzi mətbuat orqanları və şəxslər qərəzli şəkildə qeyd edirlər ki, guya Azərbaycan geriləyib. Onlar bilməlidirlər ki, bu indeksdə ölkənin nəticəsinin ötən illə müqayisəsi yalnız bala əsasən aparılır. Çünki hər il indeksə yeni ölkə daxil ola və ya çıxa bilər. Misal üçün, bu il əlavə 8 ölkə indeksə daxil edilib. Bunu “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi öz press-relizində təsdiq edir və eyni zamanda nəticəmizin artmasının əsas səbəbi kimi bu sahədə olan güclü siyasi iradəni, aparılan geniş miqyaslı iqtisadi islahatları və “ASAN Xidmət” mərkəzlərinin uğurlu fəaliyyətini qeyd edir.
Bununla belə, Azərbaycanın “Korrupsiya Qavrama İndeksi”ndə inkişaf dinamikası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatları tam ehtiva etmir. Çünki bu indeksin nəticələri şəffaf və etibarlı deyil.

- Bu indeksin nəticələrini düzgün hesab etməyən ekspertlər və beynəlxalq təşkilatlar nə qədər haqlıdırlar? İndexin hazırlanmasında hansı qüsurlar var?

- Birincisi, indeksin hazırlanmasında bütün ölkələr üzrə bərabər sayda və eyni mənbələrdən istifadə edilmir. Azərbaycan üzrə 7, Ermənistan və Gürcüstan üzrə 6, Rusiya üzrə 9, Montoneqro üzrə isə cəmi 4 mənbədən istifadə edilib.
Misal üçün, bu indeksin hazırlanmasında istifadə edilən mənbələrdən biri olan “Dünya Ədalət Layihəsi – Hüququn Aliliyi İndeksi” Gürcüstana 100 baldan 61 bal verib, bu isə Gürcüstanın ümumi nəticəsinə əhəmiyyətli dərəcədə təsir edib. Ancaq qeyd edilən təşkilat Azərbaycanı ümumiyyətlə qiymətləndirməyib. Və ya əksinə, bəzi təşkilatlar Azərbaycanı qiymətləndirsə də, digər ölkələri qiymətləndirməyib. Bu halda ölkələrin ümumi nəticəsini necə müqayisə etmək olar? Yaxud, bu müqayisə necə obyektiv ola bilər?

İkincisi, Azərbaycan üzrə adətən 6 beynəlxaq təşkilatın hesabatından istifadə edilir və 2016-cı ilin nəticələrinə əsasən, Azərbaycanın 5 təşkilat üzrə nəticəsi artıb. Lakin, “Beynəlxalq Şəffaflıq” təşkilatı bu ilki indeksin Azərbaycan üzrə nəticələrinin hazırlanmasında yeni, 7-ci mənbə olaraq “Varieties of Democracy” təşkilatının hesabatını əlavə edib. Bu təşkilat Azərbaycana 100 mümkün baldan cəmi 9 bal verib. Bu qiymətləndirmə ölkəmizin nəticələrə daxil edildiyi üçün ümumi inkişaf cəmi 1 bal olub. Halbuki, qeyd edilən təşkilatın balı bizim nəticələrə daxil edilməsəydi, Azərbaycanın nəticəsi 4 bal arta bilərdi, bu isə ölkəmizin yerini isə ötən illə müqayisədə 8-10 pillə irəli apara bilərdi.

Maraqlı məqam ondan ibarətdir ki, qeyd edilən təşkilat cari indeksdə top 20-də yer alan heç bir Avropa ölkəsini qiymətləndirməyib. Bunun səbəbini bilmirik, ancaq onu qeyd edə bilərəm ki, “Varieties of Democracy” təşkilatı İsveçin “Gothenburq” universitetində yerləşir, İsveçin və Danimarkanın xarici işlər nazirlikləri və Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Həmçinin qeyd etməliyəm ki, “Korrupsiya Qavrama İndeksi”-nin nəticələri ilə bağlı kəskin tənqidlərdən sonra, indeksin metodologiyası 2012-ci ildə dəyişdirilib. Bununla belə, indeksə münasibət dəyişməyib, bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu indeksin nəticələrini etibarlı hesab etmirlər. Hətta “Beynəlxalq Şəffaflıq” təşkilatı indekslə bağlı iradları qəbul edir.

“Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan “Qlobal Korrupsiya Barometri”ni daha şəffaf hesab edilir, çünki birbaşa olaraq sorğular əsasında vətəndaşların mövqeyini əks etdirir. “2016-cı il Qlobal Korrupsiya Barometri”nin nəticələri isə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir.

Eyni zamanda təşkilatın 2013-cü ildə keçirdiyi anoloji sorğusunun nəticəsinə əsasən, ölkəmizdə respondentlərin əksəriyyəti - 73% hesab edir ki, korrupsiyanın səviyyəsi artmayıb, 68% respondent isə hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət tədbirləri səmərəlidir. Dövlət tədbirlərinin səmərəli olması ilə bağlı nəticə dünya ölkələri üzrə 22%-dir. Bu baxımından ölkəmizin “2016-cı il Korrupsiyanı Qavrama İndeksi”ndə yeri reallığa uyğun deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti