`Hazırda yollarda vəziyyət normaldır` - `Azəravtoyol` (FOTOLAR)

`Hazırda yollarda vəziyyət normaldır` - `Azəravtoyol` (FOTOLAR)
  28 Yanvar 2017    Oxunub:2258
Qeyri-sabit hava şəraiti ilə bağlı əlaqədar səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.

Bu barədə AzVision.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisinin sözlərinə görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib: “Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. “Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib”.

A.Nəcəfli qeyd edib ki, Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb: “Hazırda da yollarda vəziyyət normaldır. Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinjn hərəkətində problemlərin olması qaçılmazdır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacın yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür”.

Sumqayıt yolunun buzlaşmasına gəlincə, A.Nəcəfli deyib ki, bu yolda baş verən qəzalara səbəb yolun buzlaşması deyil: “Bu qəzalara səbəb sürücülərin qışa hazır olmamasından irəli gəlir. Orada buzlaşma yoxdur. Sürücülər yola yay təkərləri, kapron təkərlərlə çıxırlar. Bu da sürüşməyə səbəb olur və nəticədə qəzalar baş verir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sürücülər nasaz avtomobillərlə, yay şinləri ilə yola çıxırlar. Qışa hazır olmayan sürücülər istənilən halda problemlər yaşayacaqlar. Dünən deyirlər ki, Ağsu aşırımı bağlanıb. Niyə bağlanıb? Çünki, hazırlıqsız sürücülər aşırımı qalxa bilmirlər. Sonra deyirlər ki, yol bağlanıb. Heç yerdə yol bağlanmayıb. Sürücülər qışa hazır deyillərsə və bundan irəli gələrək aşırımı qalxa bilmirlərsə, bu yolun bağlanması anlamına gəlməməlidir. Yol o zaman bağlana bilər ki, ora 1 metr qar yağa, yola daş düşə, yaxud uçqun baş verməsi nəticəsində həqiqətən hərəkət mümkün olmasın. Burada yolun bağlanmasından söhbət deyil”.









Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti