`295 körpədən 135-nin həyatı xilas edilib` - Baş pediatr

`295 körpədən 135-nin həyatı xilas edilib` - Baş pediatr
  28 Yanvar 2017    Oxunub:2963
“2016-ci ildə Azərbaycanda 22-28 həftə arasında çəkisi 500 qram olan 295 körpə dünyaya gəlib. Onlardan 135-nin həyatını xilas etmək mümkün olub”.

Bu barədə AzVision.az-a Respublikanın baş pediatri Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, 2015-ci illə müqayisədə diridoğulmanın yeni meyarlarına əsasən az çəki ilə dünyaya gələn uşaqların həyatını xilas etmək istiqqamətində görülən işlər bəhrəsini verib.

“Bunlar 500-1000 qram arasında olan körpələrdir. 2015-ci ilə qədər həmin körpələr gecikmiş düşük kimi qəbul olunurdu. 2015-ci ildən artıq bu uşaqlar da diri doğulma kimi qeyd olunur. Göstəricisi ildən-ilə yaxşılaşır”.

Baş pediatr bildirib ki, vaxtından əvvəl doğulan körpələrdə marfoloji və funksional yetişməzlik olur: “Buna qarşı mübarizə aparmaq lazımdır ki, həmin çatışmazlıqlar uşaqlarda ağır vəziyyət yaratmasın. Belə uşaqlarda mərkəzi sinir sistemindən başlamış bütün üzvlərə və toxumalara qədər morfofunksional yetişməzlik əlamətləri özünü biruzə verir. Baxmayaraq ki, Səhiyyə Nazirliyində bütün avadanlıqlar əldə edilib, perinatal mərkəzlər yaradılıb, belə uşaqları hər zaman xilas etmək mümkün olmur. Xilas edilsə də, onlarda bu və ya digər üzvi sistem toxumanın zədəsi qalır. Vaxtından əvvəl dünyaya gələn körpələr 3 yaşına qədər müşahidə altında saxlanılır və izlənilir. Yalnız bundan sonra həmin uşaqlarda qeyd edilən problemlərin qalıb-qalmadığı müşahidə edilir”.

Qeyd edək ki, 2015-ci ildə isə Azərbaycanda 22-28 həftə arasında çəkisi 500 qram olan 260 körpə dünyaya gəlib. Onlardan 97-sinin həyatını xilas etmək mümkün olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti