Kəlbəcər girovları ilə görüş olub

Kəlbəcər girovları ilə görüş olub
  30 Yanvar 2017    Oxunub:3997
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
Bunu AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, başçəkmə ötən həftə baş tutub.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti