Parlamentdə İrəvanın qaytarılması ilə bağlı məsələ qaldırıldı

Parlamentdə İrəvanın qaytarılması ilə bağlı məsələ qaldırıldı
  01 Fevral 2017    Oxunub:2674
“İrəvan daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq. Bu torpaqlar ermənilərə müəyyən şərtlərlə verilib”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. O, bildirib ki, həmin sənədləri xaricdən Tarix İnstitutuna gətiriblər: “Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq. Parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.

Deputat Musa Quliyev isə bildirib ki, Azərbaycandan kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınarkən, bu, Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Deputatın sözlərinə görə, bu, gələcəkdə problemlərə yol açacaq.

M.Quliyev həmçinin vurğulayıb ki, II və III qrup əlillər əmək qabiliyyətli sayılır: “Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq. Əlillərin işlə təmin olunmasına şərait yaratmaq lazımdır. Əlillərin işə düzəlməsini gündəmə gətirməliyik. Həmçinin onların çalışmasını diqqətdə saxlamalıyıq”.

Daha sonra millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, nəzərə çatdırıb ki, hər kəs domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. O, qeyd edib ki, həmin şəxslər gərək, söz azadlığı çərçivəsini aşmasınlar: “Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Həmçinin onlayn mediaya maliyyə ayrılmasını bir neçə dəfə təklif etmişəm. Bir daha demək istərdim ki, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.

Millət vəkili Astan Şahverdiyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsindən söz açıb: “Möhtərəm prezidentin imzaladığı sərəncamla Cocuq Mərcanlı kəndində evlərin tikintisinə 4 milyon manat ayrılıb. İlkin olaraq bu kənddə 50 ev tikiləcək. Bu günə qədər həmin kənddə yaşamaq istəyən 200-ə yaxın məcburi köçkün müraciət edib. Cocuq Mərcanlı “Böyük Qayıdış”ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Bütün bunlara görə, möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti