Prezident maestro Niyazinin abidəsinin açılışında - Fotolar

Prezident maestro Niyazinin abidəsinin açılışında - Fotolar
  02 Fevral 2017    Oxunub:4222
Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.
AzVision.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.

Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə vermişdir.

Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.

Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış etdilər.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.

Dövlətimizin başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.











AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti